Yaponiya Baş naziri Sanae Takaiçinin Tayvana hücumun Tokionu hərbi əməliyyatlara məcbur edə biləcəyi barədə çıxışı Pekinin sərt reaksiyasına səbəb olub. Bunun nəticəsində Çin - Yaponiya xəttində gərginlik artıb, sərhəd patrulları gücləndirilib və iqtisadi itkilər müşahidə olunmağa başlayıb.

Gərginlik dərinləşir
Takaiçi parlamentdəki ilk çıxışında bildirib ki, Çin Tayvana hücum edərsə, Yaponiya öz təhlükəsizliyi üçün hərbi qərar verməyə məcbur qala bilər. Bu açıqlama Pekin tərəfindən “təhlükəli mesaj” kimi qiymətləndirilib.
Çinin Yaponiyadakı baş konsulu Zu Jian cavab olaraq “Böyüyən boyun kəsilməlidir”- deyib. Ardınca hər iki ölkə qarşılıqlı şəkildə diplomatik nümayəndələrini məsləhətləşməyə çağırıb.
Hərbi və siyasi qarşıdurma
Yaponiya konstitusiyası güc tətbiqinə qadağa qoysa da, 2015-ci il qanunu müəyyən hallarda özünümüdafiə hüququ verir. Takaiçi də açıqlamasında bu çərçivəyə istinad edərək “ən pis ssenarinin nəzərdən keçirilməli olduğunu” bildirib.
Çin isə bunu Tayvanın müstəqilliyini dəstəkləyənlərə verilən “səhv siqnal” kimi dəyərləndirib. Pekin həmçinin Çin vətəndaşlarına Yaponiyaya səyahət etməmələri barədə xəbərdarlıq yayıb.
Hərbi bölgədə vəziyyət
Çin ordusu Senkaku adaları yaxınlığında patrulları artırıb. Bəzi dronlar Yaponiya arxipelaqının qərb hissəsinə yaxın uçuşlar həyata keçirib. Tayvan prezidenti Lay Çinq isə beynəlxalq ictimaiyyəti vəziyyəti yaxından izləməyə çağıraraq Pekini “böyük güc məsuliyyəti” göstərməyə səsləyib.
İqtisadi zərər böyüyür
Gərginlik artıq bazarlara təsir edib: Çinin səyahət xəbərdarlığından sonra Yaponiyanın turizm və pərakəndə sektorları üzrə səhmlər ucuzlaşıb. Mütəxəssislər yaranan iqtisadi itkilərin milyardlarla dollar ola biləcəyini bildirirlər.
Çində iki Yapon cizgi filminin nümayişi də qeyri-müəyyən müddətə təxirə salınıb.
Yaponiya hökuməti geri addım atmır, lakin yerli media gərginliyi azaltmaq üçün yaxın günlərdə yüksək səviyyəli nümayəndənin Pekinə səfər edəcəyini qeyd edir.
https://share.google/0FnkWCw9Z0YjulsFu
Mənbə: Sözcü
Tərcümə etdi: Piranə Xasiyeva
