Bu gün:

Mərvə dünya çempionluğu üçün tatamiyə çıxacaq


Milli taekvondoçu Mərvə Dinçəl Kavurat ardıcıl ikinci dəfə dünya çempionu olmağı hədəfləyir. Öz üzərində təzyiq hiss etmədiyini vurğulayan dünya və Avropa çempionu Mərvə komanda şəklində də dərəcə qazanacaqlarına inanır.

2025-ci il Taekvondo üzrə Dünya Çempionatı 24-30 oktyabr Çinin Vuksi (Wuxi) şəhərində keçiriləcək. 2023-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilmiş son Dünya Çempionatında qızıl medal qazanmış Mərvə Çində yenə də kürsünün zirvəsində yer almağa çalışacaq.

Milli taekvondoçu Mərvə Dinçəl Kavurat AA müxbirinə verdiyi açıqlamada yaxşı bir hazırlıq dövrü keçirdiklərini bildirib: "Uzun bir hazırlıq prosesimiz vardı. Dünya Çempionatı oktyabr ayında təşkil olunur, amma biz hazırlıqlarımıza fevral ayında başlamışdıq. Öz adımdan da, komanda yoldaşlarımın adından da bunu deyə bilərəm, həqiqətən də hazırıq".

Azərbaycan və İngiltərə kimi ölkələrlə birgə düşərgələr keçirdiklərini xatırladan Mərvə: "Xaricdən idmançı yoldaşlarımız gəldi, onlarla birgə düşərgələr keçirdik. Həmin müddətdə onlardan çox şey öyrəndik, eyni şəkildə onlara çox şey qatdıq. Yəni çox məhsuldar bir müddət keçirdiyimizi düşünürəm. Öz adıma danışmalı olsam, 2023-cü ildə 49 kiloqram çəki dərəcəsində dünya çempionu olmuşdum. Çində isə 53 kiloqramda yarışacağam. Artıq çəki atmıram".


Mənbə: TRT Sports

Tərcümə etdi: Fəqan Nurullazadə

Paylaş
Şərh əlavə et