16 noyabr 2003-cü il tarixi "Barselona" klubunun tarixində unudulmaz günlərdən biridir. Məhz həmin gün dünya futbolunun əfsanəsi, klub tarixinin ən böyük futbolçusu Leo Messi ilk dəfə "Barselona" formasını geyinib. Cəmi 16 yaşlı Messi Portuqaliyanın "Portu" klubu ilə keçirilən yoldaşlıq oyununda - "Do Draqao" stadionunun açılış matçında meydana çıxıb.
Baş məşqçi Frank Raykard onu 71-ci dəqiqədə Fernando Navarro əvəzində oyuna buraxıb. La Masiya akademiyasından çıxmış bu gənc futbolçu haqda böyük gözləntilər olub, lakin onun bu qədər möhtəşəm bir karyera quracağını yəqin ki, heç kim təsəvvür etməyib.
22 il sonra Messi dünya futbolunun ən titullu oyunçusuna çevrilib. O, rekord sayda - 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb, "Barselona"nın ən şanlı dövrünün lideri olub və nəhayət, Argentina ilə dünya çempionu adını qazanıb.
Messi 17 mövsüm "Barselona" formasını geyinərək klub tarixinə düşüb - 778 oyunda 672 qol vurub (oyun başına orta hesabla 0.86).
O, klub tarixində ən çox qol vuran, ən çox oyun keçirən, ən çox titul qazanan və ən çox qələbə əldə edən futbolçudur. Xüsusilə 2008/09 mövsümündə üçlü kubok qazanan komandanın əsas siması olub və həmin ildə altı titul qazanaraq tarix yazıb.

Messinin "Barselona" ilə qazandığı titullar arasında 10 La Liqa çempionluğu, 4 Çempionlar Liqası və 3 Klub Dünya Kuboku da var. O, Avropanın ən yaxşı bombardiri kimi 6 dəfə "Qızıl buts"a da layiq görülüb - bu da rekorddur.
2021-ci ilin yayında Messi ilə "Barselona"nın yolları ayrılsa da, o, klubun simvolu olaraq qalır. Fransada iki mövsüm keçirdikdən sonra hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. Lakin "Barselona" üçün Messi hər zaman unudulmaz və əbədi sevgi simvoludur.
Mənbə: Barcelona TV
Tərcümə: Nazim Xeyrxəbərli
