Bu gün:

Şimali Koreya tam rəqəmsal izolyasiyada yaşayır


Dünyanın ən qapalı ölkəsi kimi tanınan Şimali Koreyada ünsiyyətə yalnız hökumətin nəzarəti ilə icazə verilir. Sosial media qadağandır, beynəlxalq zənglər izlənilir və internetə çıxış demək olar ki, mövcud deyil. Əhali rəqəmsal divarın arxasında yaşayır.

İnternetin qadağan edildiyi, xarici dünya ilə ünsiyyətin cinayət sayıldığı Şimali Koreyada insanlar susqunluq içində yaşayırlar. Burada dövlət vətəndaşların mobil telefonlara və internetə çıxış imkanından nəzarət üçün strateji vasitə kimi istifadə edir. Beynəlxalq insan haqları hesabatlarına görə, xaricdə yaxınları ilə əlaqə saxlamağa cəhd edənləri ağır cəza gözləyir, bəziləri dindirilmədən həbs düşərgələrinə göndərilir. Xüsusilə, Çin sərhədinə yaxın ərazilərdə qeyri-qanuni olaraq xarici mobil telefonlardan istifadə dövlətə xəyanət sayılır. Xarici xəttlərdə danışan və ya mesaj yazan şəxsləri dövlət sistemli şəkildə izləyir və cəzalandırır.

Ölkədə geniş internetə çıxış demək olar ki, yoxdur. Əksər vətəndaşların yalnız "Kwangmyong" adlı qapalı, dövlət tərəfindən idarə olunan internet şəbəkəsinə çıxışı var. Bu sistemdə yalnız təsdiq edilən məzmun, dövlət qəzetləri və tədris materialları var.

Facebook, Twitter və YouTube kimi sosial media platformaları illərdir ki, qadağan edilib. Xarici media qurumlarının saytlarına giriş tamamilə bağlanıb. Bu qadağalar hətta bir neçə imtiyazlı şəxsin qlobal informasiya axınına daxil olmasını faktiki olaraq qeyri-mümkün edir. Şimali Koreya hökuməti bu ciddi nəzarəti “xarici ideoloji təhdidlərə qarşı milli təhlükəsizlik tədbirləri” kimi müdafiə edir. Lakin bu siyasətlər vətəndaşların məlumat almaq, fikir və ifadə azadlığı hüquqlarını ciddi şəkildə pozur.

Ölkəni tərk edən şəxs ailəsi ilə əlaqə saxlasa, həm özü, həm də geridə qalan yaxınları böyük risk altına düşə bilər. Bu vəziyyət bir çox ailələrin illərlə xəbərsiz qalaraq tamamilə ayrılmasına səbəb olur.

Şimali Koreyada rabitənin məhdudlaşdırılması təkcə texnoloji məsələ deyil, bu həm də sosial təcrid formasıdır. Məlumat əldə etmək və paylaşmaq, hətta qlobal hadisələrlə maraqlanmaq “şübhəli davranış” hesab olunur. İnsanlar həm xarici dünyadan, həm də bir-birindən təcrid olunmuş vəziyyətdə yaşayırlar. Beynəlxalq insan haqları təşkilatları bu vəziyyəti “dövlət tərəfindən qoyulan rəqəmsal izolyasiya” kimi xarakterizə edir. Ünsiyyət hüququnun bu şəkildə boğulması ölkəni qlobal miqyasda görünməmiş qapalı cəmiyyətə çevirib.

Mənbə: Habertürk

Tərcümə etdi: Banuçiçək Qurbanova

Paylaş
Şərh əlavə et