Braziliyada keçirilən COP30 iqlim danışıqlarının keçirildiyi ərazinin qarşısında minlərlə iqlim fəalı güclü musiqi sədaları altında yürüş edərək öz mesajlarını çatdırıblar.

“Amazonu azad edin” şüarları səsləndirən nümayişçilər Beləm şəhərində Neft, Kömür və Qaz sözləri yazılan üç nəhəng tabut və onları müşayiət edən iki “ölüm mələyi” ilə irəliləyiblər.
Yerlibəşəri icmalar “Cavab bizik” yazılan plakatlar qaldırıblar. Həmçinin böyük şişmə fil və anakonda günəş altında izdihamın içindən keçib.
Bu, 2021-ci ildən bəri ilk dəfədir ki, nümayişçilərə BMT-nin iqlim danışıqları keçirilən məkanın yaxınlığında aksiya keçirməyə icazə verilir. Son üç sammit isə ictimai etirazlara icazə verilməyən ölkələrdə təşkil olunmuşdu.
“Samoa kimi alçaq sahil xəttinə malik, iqlim dəyişikliyinə qarşı çox həssas adada yaşayan biri kimi, fosil yanacaqların hələ də yandırıldığını bilirik və bunun nəticələrini özümüz yaşayırıq,” – deyə Samoa əsilli iqlim fəalı Brianna Fruean BBC-yə bildirib.
“Biz buradayıq, bu qədər COP-dan sonra ədalət, fosil yanacaqların sonu üçün yürüş edirik,” – Braziliyada yaşayan və 350 adlı QHT-ni təmsil edən aktivist İlan deyib.
Minlərlə yerli icma üzvü, Braziliyalı gənclər və fəallar yürüşə qoşularaq etirazlarını ifadə ediblər.
Mənbə: BBC
Tərcümə etdi: Nuray Ədilzadə
