Argentina millisi yoldaşlıq görüşündə Anqolanı 2:0 hesabı ilə məğlub edib. Luandada keçirilən matç Anqolanın müstəqilliyinin 50 illiyinə həsr olunub.
Görüşün 43-cü dəqiqəsində Lionel Messinin sağ cinahdan cərimə meydançasına ötürdüyü dəqiq pası Lautaro Martinez qapıdan keçirərək Argentina yığmasını hesabda önə çıxarıb. Bu, onun yığmadakı 36-cı qoludur.
İkinci hissədə isə rollar dəyişib. Oyunun bitməsinə 7 dəqiqə qalmış Lautaro Messiyə ideal ötürmə verib. Ulduz futbolçu cərimə meydançasında boşluğa daxil olaraq topu uzaq küncə dəqiq zərbə ilə göndərib və yığmadakı qollarının sayını 115-ə çatdırıb.
Argentina bu qarşılaşmaya 12 milyon dollar məbləğində təklif sayəsində qatılıb. 48 min nəfərlik Estadio Nacional 11 de Novembro stadionuna biletlər isə cəmi 1 dollara satılıb.
Bu, Argentina millisinin beynəlxalq fasilə çərçivəsində yeganə oyunudur. Anqola isə qarşıdan gələn Afrika Millətlər Kubokunda Misir, Cənubi Afrika və Zimbabve ilə bir qrupda yer alacaq.
Mənbə: Reuters
Tərcümə etdi: Nazim Xeyrxəbərli
