Beynəlxalq Voleybol Federasiyası (FIVB) 2029-cu ildə kişilər arasında Voleybol üzrə Dünya Çempionatının Qətərdə keçiriləcəyini rəsmən təsdiqləyib. Bu qərarla Qətər turnirin tarixində yarışa ev sahibliyi edən ilk Orta Şərq ölkəsi olacaq.

Məsələ barədə məlumatı FIVB-nin İdarəetmə Şurası yayıb. Bildirilib ki, 2029-cu il mundialında 32 milli komanda iştirak edəcək və oyunlar ölkənin yeni inşa olunmuş yüksək standartlı idman arenalarında təşkil olunacaq.
FIVB prezidenti Fabio Azevedo açıqlamasında bildirib ki, məqsəd voleybolun qlobal coğrafiyasını genişləndirmək və Orta Şərqdə bu idmana artan marağı daha da gücləndirməkdir. O, həmçinin vurğulayıb ki, Qətərin idman infrastrukturuna etdiyi böyük sərmayələr turnirin yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
Xəbər voleybol ictimaiyyətində böyük maraq doğurub. Qətər Olimpiya Komitəsi bildirib ki, mundial ölkədə voleybolun kütləviliyinə müsbət təsir göstərəcək və yerli idmançılar üçün yeni inkişaf imkanları açacaq. Sosial mediada bəzi istifadəçilər turnirin bölgəyə idman baxımından yeni həyat gətirəcəyini qeyd edib.
Ekspertlər hesab edir ki, çempionatın Qətərdə keçirilməsi voleybolun Orta Şərqdə daha sürətlə inkişafına təkan verəcək və gələcəkdə regionda digər böyük beynəlxalq turnirlərin təşkili üçün zəmin yarada bilər.
Turnirlə bağlı əlavə detalların və oyun cədvəlinin 2027-ci ilə qədər açıqlanacağı gözlənilir.
Mənbə: FIVB, The Peninsula
Tərcümə etdi: Fatimə Salmanlı
