Bu gün:

Lamine Yamal "Puskas" mükafatına namizəd göstərilib


FIFA 2024/25 mövsümünün "ən yaddaqalan qolu" üçün təqdim etdiyi Puskas mükafatı üzrə namizədlərin siyahısını açıqlayıb. “Barselona”nın gənc ulduzu Lamin Yamalın “Espanyol”a qarşı “RCDE” stadionunda vurduğu möhtəşəm qol bu siyahıya daxil edilib.

FIFA və əsas futbol qurumları tərəfindən 11 avqust 2024 - 2 avqust 2025 tarixləri arasında vurulan 11 ən yaxşı qol seçilib. Azarkeşlər 3 dekabra qədər onlayn səsvermədə iştirak edə bilər. Qalib ictimai səsvermə və FIFA əfsanələrindən ibarət heyətin qiymətləndirməsi ilə müəyyən olunacaq. Nəticə 16 dekabrda “The Best” mükafatlandırma mərasimində açıqlanacaq.

Lamin Yamalın “Espanyol”a vurduğu bu möhtəşəm qol həm də “Barselona” üçün La Liqa çempionluğunu rəsmiləşdirən matçda qeydə alınıb. 53-cü dəqiqədə Fermindən ötürmə alan Yamal topu içəri çəkərək qapının “doqquzluğuna” göndərib. Bu qolla “Barselona” 28-ci La Liqa titulunu təmin edib.

Yamalın rəqibləri arasında Alerrandro (Vitória), Alessandro Deiola (Cagliari), Pedro De la Vega (Seattle Sounders), Santiago Montiel (Independiente), Amr Nasser (Pharco), Carlos Orrantía (Atlas), Lukas Ribeiro (Mamelodi Sundowns), Declan Rice (Arsenal), Rizki Ridho (Persija Jakarta) və Kevin Rodrigues (Kasımpaşa) da var.

Mənbə: Barcelona TV

Tərcümə etdi: Nazim Xeyrxəbərli

Paylaş