Bu gün:

BBC Trampa görə üzr istəyib, lakin kompensasiya ödəməyi rədd edib


BBC ABŞ Prezidenti Donald Trampın 2021-ci il 6 yanvar çıxışını yanlış şəkildə montaj edən Panorama buraxılışına görə üzr istəyib, lakin onun tələb etdiyi kompensasiyanı ödəməkdən imtina edib.

Korporasiya bildirib ki, montaj nəticəsində Trampın “birbaşa zorakı hərəkətə çağırış etdiyi” kimi yanlış təəssürat yaranıb və həmin 2024-cü il proqramı yenidən yayımlanmayacaq.

Trampın hüquqşünasları isə BBC-yə qarşı 1 milyard dollarlıq iddia qaldırmaq hədəsi irəli sürərək korporasiyadan rəsmi təkzib, üzr və kompensasiya tələb ediblər.

Hökumətin reaksiyası

Mədəniyyət naziri Liza Nandi BBC-yə məsələni “lazımi ciddiyyətlə” yanaşdığına dair əmin olduğunu desə də, bəzi hallarda redaksiya standartlarının kifayət qədər sərt olmadığını və ya ardıcıl tətbiq edilmədiyini bildirib. O əlavə edib ki, BBC rəhbərliyində jurnalistik təcrübəsi olan şəxslərin olması vacibdir.

Nandi siyasi təyinatların, xüsusilə sabiq baş nazir Tereza Meyin keçmiş müşaviri olan Sör Robbi Gibb-in korporasiyanın qərəzsizliyinə zərər vurduğunu qeyd edib.

Liberal Demokratların lideri Sör Ed Deyvi isə baş naziri Trampın iddia hədəsinin qarşısını almaq üçün onunla danışmağa çağırıb.

Qalmaqal nəticəsində BBC baş direktoru Tim Devi və xəbər rəhbəri Debora Törnes bazar günü istefa veriblər.

BBC-nin üzrü və müdafiəsi

Apardığı araşdırmadan sonra BBC bildirib:

"Montaj Trampın nitqindən pərakəndə parçaları birləşdirərək sanki bir davamlı çıxış kimi təqdim edib". 

Bu isə onun “birbaşa zorakılığa çağırış etdiyi” kimi yanlış təsəvvür yaradıb.

Korporasiya Trampın hüquq komandasına cavab məktubu göndərib və paralel olaraq BBC sədri Samir Şah Ağ Evə şəxsən üzrxahlıq məktubu ünvanlayıb.

Bununla belə, BBC qeyd edir ki, diffamasiya iddiası üçün əsas yoxdur, çünki:

1. Proqram ABŞ-da yayımlanmayıb və BBC-nin ABŞ kanallarında göstərilməyib;

2. Trampa real zərər vurulmayıb, o, qısa müddət sonra yenidən seçilib;

3. Montaj aldatma məqsədi daşımayıb, məqsəd uzun çıxışı qısaltmaq olub;

4. Kadrlar bir saatlıq proqramın cəmi 12 saniyəsini təşkil edib və ümumi kontekstdən çıxarılmamalıdır;

5. ABŞ qanunlarına görə siyasi çıxış və ictimai məsələlərlə bağlı fikirlər yüksək dərəcədə qorunur.

İkinci montaj qalmaqalı

Teleqraf qəzeti cümə axşamı Newsnight proqramında 2022-ci ildə yayımlanmış digər montaj olunmuş fraqmenti də üzə çıxarıb. Bu montajda Trampın nitq hissələri yenidən ardıcıllıq dəyişdirilərək birləşdirilmişdi.

Sabiq Ağ Ev aparat rəhbəri Mik Mulvani proqram zamanı videonu tənqid edərək bunun “spliced together”, yəni parçalanıb birləşdirilmiş montaj olduğunu bildirib.

BBC həmin iddiaları araşdırdığını açıqlayıb.

Trampın hüquq komandası isə bunu “BBC-nin prezidentə qarşı sistemli şəkildə böhtan xarakterli montajlar aparması” kimi dəyərləndirib.

Mənbə: BBC 

Tərcümə etdi: Nuray Ədilzadə

Paylaş
Şərh əlavə et