Londondakı Milli Qalereyada açılan yeni sərgi müasir incəsənətin başlanğıcı barədə uzun illərdir davam edən mübahisələrə fərqli bir baxış gətirir. Sərgidə təqdim olunan Cozef Raytın (Joseph Wright of Derby) “Hava nasosu ilə quş üzərində təcrübə” (“An Experiment on a Bird in the Air Pump”, 1768) adlı əsəri bir çoxlarına görə, müasir incəsənətin təməlini 19-cu əsrdən daha əvvəl -18-ci əsrdə qoymuş ola bilər.

Müasir incəsənət haradan başlayır?
Ənənəvi olaraq “müasir incəsənətin” 1800-cü illərdə – Manenin “Le Déjeuner sur l’Herbe” (1863), Törnerin “Yağış, Buxar və Sürət” (1844) və Qoyanın “3 May 1808” (1814) əsərləri ilə başladığı düşünülür. Lakin Milli Qalereyada nümayiş olunan Raytın tablosu bu sərhədləri təxminən bir əsr geriyə çəkir.
Rəssamın əsərində elmi təcrübə səhnəsi təsvir olunur: şüşə qabda yerləşdirilmiş ağ kakadu quşu oksigensiz mühitdə həyatla ölüm arasında qalır. Qaranlıq mühitdə toplaşmış tamaşaçılar isə bu dramatik anı heyrətlə izləyirlər. Rəssam işıq və kölgə oyunları ilə hadisəyə teatrallıq qataraq tamaşaçının diqqətini həm elmi, həm də emosional tərəflərə yönəldir.
Kurator Kristin Raydinqin (Christine Riding) sözlərinə görə, Rayt bu əsərində Karavaccio kimi ustadlardan ilham alaraq klassik üslubu müasir mövzu ilə birləşdirib. “O, işıq və kölgədən istifadə tərzini özünəməxsus imza halına gətirmişdi və bu onun fərqləndirici üslubuna çevrilmişdi,” – deyə Raydinq bildirib.
Əsərdə həm də dövrün yenilik ruhu hiss olunur. 18-ci əsrdə Britaniyada sənət və elmin bir-birindən ayrılmadığı, elmi biliklərin cəmiyyətə yayılmasının “müasirlik” əlaməti sayıldığı dövrdə Rayt bu anlayışı incəsənətə gətirib.
Cəmiyyətin dəyişən siması
Rəssam “Hava nasosu ilə quş üzərində təcrübə” əsəri ilə sənaye inqilabının astanasında olan Britaniyada cəmiyyətin yeniləşməsini əks etdirib. O, həm elmi yeniliklərin insan həyatına təsirini, həm də bu inkişafın doğurduğu əxlaqi və emosional sualları ön plana çəkib.
Raytın yaxın dostları arasında sənaye inqilabının öncüllərindən sayılan Riçard Arkrayt və “Lunar Cəmiyyəti”nin alimləri də olub.
Kristin Raydinqə görə, Raytın əsərindəki “şübhə, tərəddüd və sorğulayıcılıq” onun müasirliyinin əsas göstəricisidir. Mərkəzdəki alimin əli şüşə qabın havasını açmaq və ya bağlamaq arasında dayanır, sanki tamaşaçıya sual verir: “Elmi güc yaxşılıq üçünmü, yoxsa zərər üçünmü istifadə olunmalıdır?”
Bu mövzu daha sonralar Qoyanın “Müharibənin fəlakətləri” seriyasında (1810–1814) daha qaranlıq şəkildə əksini tapsa da, Rayt artıq bir əsr əvvəl bu etik dilemmanı gündəmə gətirib.
Cozef Raytın “Hava nasosu ilə quş üzərində təcrübə” əsəri bəlkə də “müasir incəsənət”in başlanğıc nöqtəsi olmasa da, onun ideyalarını əvvəlcədən hiss etdirən ən erkən nümunələrdən biridir. Əsər həm ənənəyə hörmətlə yanaşır, həm də müasir dövrün elmi, sosial və mənəvi suallarını qaldırır, bu isə müasir sənətin əsas xüsusiyyətlərindəndir.
Mənbə: BBC
Tərcümə etdi: Aydan Xudayarova
