Bu gün:

Lionel Messi üçün vida matçı təşkil oluna bilər


"Barselona"nın prezidenti Xoan Laporta bildirib ki, klubun tarixi bombardiri Lionel Messinin yenidən komandaya qayıtması "real görünmür", lakin onun üçün vida matçı təşkil etmək niyyətindədir.

37 yaşlı hücumçu ötən həftə gözlənilmədən "Nou Kamp" stadionunu ziyarət edərək bildirib ki, kluba geri qayıtmaq istəyir və "yalnız futbolçu kimi vida etmək üçün yox".

8 dəfə "Qızıl top" (Ballon d'Or) sahibi olan Messi 2021-ci ildə "Barselona"nı maliyyə problemləri səbəbilə tərk edərək "Pari Sen-Jermen"ə keçib. O, 2023-cü ildə "İnter Mayami" klubuna qoşulub və ötən ay 2028-ci ilə qədər yeni müqavilə imzalayıb.

Laporta "Katalunya Radiosu"na deyib: "Məncə, real olmayan ehtimallarla spekulyasiya aparmaq nə düzgün, nə də ədalətlidir. Bu, uyğun bir yanaşma deyil".

Prezident bildirib ki, Messinin "Barselona"dakı ayrılığı onun istədiyi kimi baş tutmayıb - müqavilə klubun maliyyə vəziyyəti fonunda uzadılmayıb. Lakin Laporta ümid edir ki, stadionun yenilənməsi başa çatdıqdan sonra Messiyə layiq vida oyunu keçiriləcək.

"O, dünyanın ən yaxşı vida matçına layiqdir və bu, 105 min azarkeş qarşısında burada, ''Nou Kamp''da baş tutsa, əla olar" , - deyə Laporta əlavə edib.

Qeyd edək ki, Messi "Barselona"nın heyətində 778 oyuna çıxaraq 672 qol vurub və klubla 10 La Liqa, 4 Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.

Mənbə: BBC sport

Tərcümə etdi: Nazim Xeyrxəbərli


Paylaş