Bu gün:

"Barselona" Harri Keyni Levandovskinin əvəzinə əsas hədəf seçib


"Barselona" yay transfer pəncərəsində Robert Levandovskinin yerinə əsas namizəd kimi İngiltərə millisinin kapitanı Harri Keyni nəzərdən keçirir. 32 yaşlı hücumçu hazırda "Bavariya"da çıxış edir və katalonlar onun 37 yaşlı Levandovskinin ideal əvəzləyicisi olduğuna inanırlar. Levandovskinin müqaviləsi iyun ayında başa çatır və "Barselona" Keynin 57 milyon funt sterlinqə sərbəst qalmasını təmin edən maddəni işə sala bilər.Keyn 2023-cü ilin avqustunda "Tottenhem"dən "Bavariya"ya 100 milyon funt sterlinqə transfer olunub və bu müddətdə 113 oyunda 108 qol vuraraq heyrətamiz göstəriciyə imza atıb. Sentyabr ayında isə Avropanın top-5 liqasında çıxış edən klublardan birində 100 qola ən tez çatan futbolçu olub. May ayında "Bavariya" ilə Bundesliqa çempionluğunu qazanaraq uzun illər davam edən titulsuzluğa da son qoyub.Ötən ay Keyn hazırkı müqaviləsi 2027-ci ilin iyununda bitməsinə baxmayaraq, "Bavariya"da qalmağa açıq olduğunu deyib. Lakin "Barselona" kimi dünya nəhəngi klubda çıxış etmək və daha çox titul qazanmaq imkanı onu düşünməyə vadar edə bilər. Qeyd edək ki, hazırda "Barselona"da İngiltərə millisinin digər oyunçusu Markus Reşford da çıxış edir. O, "Mançester Yunayted"dən icarəyə götürülüb və klub onu 30 milyon funt sterlinqə birdəfəlik transfer etmək imkanına malikdir.

Digər tərəfdən, "Barselona" prezidenti Xoan Laporta Lionel Messinin kluba qayıtmaq ehtimalını qəti şəkildə rədd edib. Messinin bu həftə "Kamp Nou"ya etdiyi səfərdən sonra söz-söhbətlər artsa da, Laporta "Katalunya Radio"ya verdiyi açıqlamada bildirib: “Messiyə, futbolçularımıza və üzvlərimizə hörmət əlaməti olaraq reallığa uyğun olmayan ehtimallarla spekulyasiya aparmaq zamanı deyil".

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli 


Paylaş
Şərh əlavə et