Bu gün:

"Arsenal" ləğv olunan qollarına görə peşmandır


"Emirates" stadionunda keçirilən qarşılaşmada "Arsenal" qadın komandası Alessia Russonun son dəqiqə qolu ilə "Chelsea"-yə qarşı 1:1 hesablı bərabərlik əldə edib. Görüşdə "topçular"-ın iki qolu ləğv olunub və bu, mümkün vacib qələbəni əldən vermələrinə səbəb olub.Bu nəticə ilə ardıcıl altıncı çempionluğunu qazanmaq istəyən "Chelsea" 8 oyundan sonra 20 xalla liderliyini davam etdirib. "Arsenal" isə 15 xalla dördüncü pilləyə yüksəlib və qol fərqinə görə "Tottenham"ı geridə qoyub, lakin Şimali London rəqibinin bir oyunu azdır.

Qələbə üçün böyük motivasiya ilə meydana çıxan "Arsenal" 9-cu dəqiqədə geriyə düşüb. "Chelsea"nin amerikalı hücumçusu Alyssa Thompson əla çip zərbə ilə komandasını önə keçirib.

54-cü dəqiqədə Stina Blackstenius künc zərbəsindən sonra topu qapıya göndərsə də, qol əl ilə oynama səbəbilə ləğv olunub. Televiziya təkrarları hücumçunun əli ilə topa toxunmasını göstərməyib.

"Arsenal" nəhayət 87-ci dəqiqədə hesabı bərabərləşdirə bilib – Russo bir toxunuşla vurduğu zərbə ilə qapıçı Hannah Hamptonu çaşqın salıb. 90-cı dəqiqədə isə əvəzləmədən oyuna daxil olan Frida Maanum çip zərbə ilə qələbə qolunu vurduğunu düşünüb, lakin ofsayd bayrağı qaldırılıb və qol sayılmayıb. Bu qərar 50,000-dən çox azarkeşin iştirak etdiyi stadionda böyük etirazla qarşılanıb və final fitindən sonra stadionu fit səsləri bürüyüb.

Günün digər oyununda isə "Manchester United" çempionluq yarışında ilk məğlubiyyətini alaraq evdə "Aston Villa"ya 0:1 uduzub. Bu nəticə ilə "United" 17 xalla üçüncü, "Villa" isə 10 xalla altıncı pillədə qərarlaşıb.

Mənbə: Reuters 

Tərcümə etdi: Mələk Nəsirli

Paylaş
Şərh əlavə et