Avropa İttifaqı (Aİ) Rusiya və digər avtoritar rejimlərdən qaynaqlanan dezinformasiya və informasiya manipulyasiyalarına qarşı mübarizə aparmaq məqsədilə Demokratik Davamlılıq Mərkəzinin yaradılmasını planlaşdırır. Bu barədə sızdırılmış Avropa Komissiyası sənədində məlumat yer alıb.

Yeni mərkəz Aİ daxilindəki mütəxəssisləri və birliyə qoşulmaq istəyən ölkələri bir araya gətirərək, xarici təsir kampaniyalarına qarşı mübarizə aparmağı hədəfləyir. Layihə Komissiya prezidenti Ursula fon der Leyenin 2024-cü il Avropa Parlamenti seçkiləri öncəsi təqdim etdiyi “Demokratiya qalxanı” təşəbbüsünün əsas hissəsini təşkil edir.
Fon der Leyen bu ilin sentyabrında Avropa Parlamentində çıxışı zamanı belə bir mərkəzin yaradılacağını açıqlayıb. 12 noyabrda açıqlanması gözlənilən sənəddə isə mərkəzin məqsədləri və təhdid istiqamətləri barədə əlavə detallar yer alıb. Sənəddə qeyd olunur ki, Rusiya Ukraynaya qarşı müharibə ilə yanaşı, hibrid hücumlar və təsir əməliyyatlarını da intensivləşdirir: “Dezinformasiya tarixi faktların manipulyasiyası və saxtalaşdırılması ilə demokratiya sistemlərinə inamı sarsıtmağa çalışırlar”, - sənəddə bildirilir.
Avropa İttifaqının xarici xidmətləri son illərdə Rusiya tərəfindən həyata keçirilən çoxsaylı dezinformasiya kampaniyalarını müəyyən edib. Məsələn, 2024-cü il Avropa Parlamenti seçkiləri ərəfəsində “Doppelganger” adlı kampaniya çərçivəsində tanınmış media saytlarının saxta nüsxələri yaradılaraq anti-Qərb təbliğatı aparılıb. Bu materiallar sosial şəbəkələrdə geniş yayılıb və siyasətçiləri təhqir etmək Ukraynaya dəstək verən hökumətləri zəiflətmək məqsədi güdürdü. Kampaniyanın 2022-ci ildən aktiv olduğu bildirilir.
Sənəddə Çin də dezinformasiya mənbəyi kimi qeyd olunur. İddialara görə, Çin hökuməti öz siyasi maraqlarını təşviq etmək üçün özəl PR şirkətləri və təsir gücü olan şəxslərdən istifadə edir. Citizen Lab tədqiqatçıları 2024-cü ildə 30-dan çox ölkədə fəaliyyət göstərən, Çin mənşəli 123 saxta xəbər saytını aşkar edib.
Xarici müdaxilələrin təsiri son aylarda Rumıniya və Moldovada keçirilən seçkilər zamanı da müşahidə olunub. Rumıniyada açıqlanan kəşfiyyat məlumatlarına görə, Rusiya seçkilərə kiber hücumlar və sosial media vasitəsilə ultra millətçi namizədlərin lehinə təbliğat aparıb. Moldovada isə seçkilərdə səs alqı-satqısı və xarici müdaxilə iddiaları irəli sürülüb.
Yeni mərkəz Aİ orqanları və üzv ölkələr arasında məlumat mübadiləsini, erkən xəbərdarlıq sistemlərini gücləndirəcək, həmçinin ictimaiyyəti informasiya manipulyasiyası riskləri barədə maarifləndirəcək.
Mərkəzə qoşulmaq Aİ üzv dövlətləri və birliyə namizəd ölkələr üçün könüllü olacaq. Komissiya “oxşar dəyərləri bölüşən tərəfdaşların” da prosesə qoşula biləcəyini qeyd edir və bu Böyük Britaniyanın iştirakına imkan yarada bilər.
“Demokratiya qalxanı” planının digər hissələri arasında seçkilər, sağlamlıq böhranları və təbii fəlakətlər zamanı müstəqil fakt-yoxlama şəbəkəsinin yaradılması, eləcə də demokratiya və internet azadlığı barədə maarifləndirici onlayn təşəbbüslərin təşviqi nəzərdə tutulur.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
