24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Könüllü Heyvan Haqları Qoruyucusu Afaq Kazımlıdır. O, heyvanların sahibləndirilməsi haqda danışıb.
-Heyvan sahibləndirərkən hansı məqamlara diqqət etmək lazımdır?
Heyvan sahibləndirərkən mütləq heyvanın yaşayacağı şəraitə baxılmalıdır. Heyvanların cinsinə görə onların yaşam tərzi dəyişkənlik göstərə bilir. Məsələn, Husky cinsi olan bir iti siz ancaq evdə, tasmada saxlaya bilməzsiniz. Ümumiyyətlə, heyvanların tasmaya məhkum edilməsi bir qayda olaraq yanlışdır. Bundan başqa, heyvanı sahiblənəcək insanın maddi durumu buna uyğundurmu, həmin heyvana baxa, onun ehtiyaclarını ödəyə biləcəkmi-bunlara mütləq diqqət yetirilməlidir. Sahiblənən şəxsə sahibləndiyi heyvanın nə ilə qidalanması lazim olduğunu, mütəmadi hansı dərmanlar verilməli olduğu haqda məlumat vermək lazımdır. Həmçinin gələcəkdə də heyvanın küçəyə düşmədiyinə, balalatdırılıb azdırılmadığına əmin olmaq üçün gələcəkdə qısırlama məsuliyyətini sahibləndirən insan öz üzərinə götürməlidir. Çünki pul əldə etmək üçün heyvanları pis şəraitdə balalatdırıb balalarını satanlar çoxdur. Həmin şəxsdən bezdirməmək şərti ilə bununla bağlı ara-sıra məlumat almalıdır. Heyvanların küçəyə atılması da yanlışdır. Bu yalnız yem tapmaqda çətinlik çəkəcəyi deyil, həmin heyvanın həyatının məhv olması da deməkdir. Heyvanı sahiblənən şəxs də öz məsuliyyətini anlamalıdır. Sahibləndirən şəxsdə də kimə sahibləndirdiyi haqda məlumatları-ünvan və əlaqə nömrəsi, məsuliyyət müqaviləsi və s. olmalıdır.
Aydan Qasımova
