Bu gün:

"Düşünürlər ki, uğura gedən yol sosial şəbəkələrdən keçir"


Bəzi gənclər özlərini qiymətləndirməkdə çətinlik çəkirlər və bu onların sosial həyatda və karyerada geri qalmalarına səbəb olur. Özgüvən çatışmazlığı həm daxili narahatlıq yaradır, həm də onların potensialını tam şəkildə ortaya qoymalarına mane olur. Psixoloq Fəridə Musəvi bununla bağlı olan suallarımızı cavablandırıb.

- Bəzi gənclərdə özgüvən çatışmazlığının əsas psixoloji səbəbi nədir? 

Müasir dövrdə bir çox gənclərdə özgüvənsizlik müşahidə olunur. Bu çatışmazlıq onların gələcəkdə uğur qazanmasına və karyera qurmasına mane olur. Çünki gənc nə qədər bilikli, savadlı və bacarıqlı olsa da, düşünür ki, “Mən bunu bacarmaram”, “Mənim yaşıdlarım məndən daha yaxşıdır”. Bəzən o, doğrudan da, yaşıdlarından daha çox şey bilir, amma özünü onların yanında kiçik görür. Məncə, bu problemin əsas səbəbi ailədən qaynaqlanır. Ailə mühitində uşağa özünü dəyərli hiss etdirilmədikdə gələcəkdə onun öz gücünə olan inamı azalır. 

- Sosial medianın gənclərin özünəinamına təsiri necə qiymətləndirilə bilər? 

Birmənalı şəkildə deyə bilərəm ki, sosial şəbəkələr gənclərin öz təhsilinə və potensialına olan inamını azaldır. Savadlı və bilikli gənclər sosial şəbəkədə əslində təcrübəsiz, amma populyar insanların həyatına baxıb, onların qazancını görüb, təhsili ikinci plana atmağa başlayırlar. Onlar düşünürlər ki, uğura gedən yol təhsildən yox, sosial şəbəkələrdən keçir. Nəticədə, savadlı olmaqdan çox, lüks həyat yaşamaq arzusu artır. Bu isə yanlış istiqamətə yönləndirir və gənclərdə legal yox, qeyri-legal yollarla həyata atılma meyli yarada bilər. Beləcə, gənclərin öz biliklərinə və savadına olan güvəni zədələnir. 

- Ailənin və məktəbin rolunu nəzərə alaraq gənclərdə özgüvəni artırmaq üçün hansı addımlar atılmalıdır? 

Valideynlər uşaqları ilə 6 aylığından etibarən ünsiyyət qurmalıdırlar. Uşağı şəxsiyyət kimi qəbul edib onun fikirlərinə dəyər verməlidirlər. Evdə müzakirə olunan məsələlərdə uşağın fikri soruşulmalı, onun qərar vermə prosesinə qatılması təşviq edilməlidir. Bu, uşaqda dəyər hissini formalaşdırır. 

Valideynlərin övladlarını digər uşaqlarla müqayisə etməsi isə özgüvənsizliyin əsas səbəblərindəndir. Bu, gələcəkdə posttravmatik stress yarada bilər və bu stress uşağın inkişafına ciddi mane olur. Məktəbdə də müəllimlər uşaqlara qarşı həssas olmalıdırlar. Bəzi müəllimlər potensialı olduğu halda özünü ifadə edə bilməyən uşaqları sinif qarşısında tənqid edərək özgüvənsizliyini daha da artırırlar. “Bu dəfə də oxumadın, gələcəkdə uğur qazana bilməyəcəksən” kimi ifadələr uşağın özünəinamını sarsıdır. Müəllimlər də valideynlər kimi hər davranış və ünsiyyət formasına diqqətlə yanaşmalıdırlar, çünki onlar gələcəyin şəxsiyyətlərini yetişdirirlər. Əksər hallarda, beyinləri yaxşı işləyən uşaqlar dərs danışmaqda çətinlik çəkirlər. Belə uşaqlar savadsız kimi qəbul olunur, amma bu, doğru deyil. Tarix boyu görmüşük ki, dərsini sinifdə danışmayan bir uşaq sonradan məşhur alim ola bilər. Psixoloqlar da artıq sübut edirlər ki, dərs danışmamaq oxumamağın göstəricisi deyil. 

Elnarə İslamova

Paylaş
Şərh əlavə et