Dünyada bir milyarddan çox insan zehni sağlamlıq problemləri ilə yaşayır. Zehni sağlamlığı təşviq etmək, qorumaq və bərpa etmək üçün əlçatan, effektiv və mümkün strategiyalar mövcuddur. Zehni sağlamlıqla bağlı fəaliyyətə ehtiyac mübahisəsiz və təcili xarakter daşıyır.

Zehni sağlamlıq — insanların həyatın stresləri ilə mübarizə aparmaq, öz qabiliyyətlərini dərk etmək, öyrənmək və işləmək, həmçinin cəmiyyətə töhfə vermək bacarığına malik olduğu vəziyyətdir. O, həm daxili, həm də instrumental dəyərə malikdir və insan rifahının ayrılmaz hissəsi, eyni zamanda əsas insan hüququdur.
Zehni sağlamlıq insanlarda fərqli şəkildə təzahür edən mürəkkəb bir kontinuumda mövcuddur. İstənilən vaxt fərdi, ailə, icma və struktur amillərinin müxtəlif kombinasiyası zehni sağlamlığın qorunmasına və ya pozulmasına təsir göstərə bilər. Əksər insanlar stresə qarşı davamlı olsa da, mənfi şəraitdə yaşayanların zehni sağlamlıq pozuntusu inkişaf etdirmə riski daha yüksəkdir.
Zehni sağlamlıq vəziyyətlərinə psixi pozğunluqlar, psixososial əlilliklər və ya əhəmiyyətli sıxıntı, fəaliyyət itkisi və özünə zərər riski ilə müşayiət olunan digər hallar daxildir. Bir çox psixi pozğunluqlar aşağı xərc hesabına effektiv müalicə oluna bilər, lakin səhiyyə sistemlərində bu istiqamət üçün resurs çatışmazlığı qalmaqdadır və müalicə boşluğu dünyada geniş yayılmışdır.
Risk və qoruyucu amillər
Zehni sağlamlığa təsir edən risk və qoruyucu amillər fərqli səviyyələrdə fəaliyyət göstərir.
Fərdi səviyyədə emosional bacarıqların zəifliyi, maddə istifadəsi və genetik meyillər zehni sağlamlıq problemlərinə həssaslığı artıra bilər.
Sosial və ətraf mühit amilləri: yoxsulluq, zorakılıq, qeyri-bərabərlik və ekoloji məhrumiyyətlər zehni sağlamlıq pozğunluqları riskini yüksəldir.
Risklər həyatın istənilən dövründə yarana bilər, lakin erkən uşaqlıq kimi həssas inkişaf mərhələlərində yaranan risklər xüsusilə zərərlidir. Məsələn, mühafizəkar ailə üslubu və fiziki cəza uşağın sağlam inkişafına mənfi təsir göstərir. Zorakılıq isə zehni sağlamlıq pozğunluqları üçün əsas risk faktorlarından biridir.
Qoruyucu amillər həyat boyunca güclü qalmağa kömək edir. Bunlara emosional və sosial bacarıqlar, müsbət sosial münasibətlər, keyfiyyətli təhsilə çıxış, layiqli iş, təhlükəsiz yaşayış mühiti və güclü icma əlaqələri daxildir.
Risk və qoruyucu amillər həm yerli, həm də qlobal miqyasda təsir göstərə bilər. Məsələn, fərdləri və icmaları təsir edən yerli çağırışlarla yanaşı, iqtisadi böhranlar, xəstəlik epidemiyaları, humanitar fəlakətlər, məcburi köçkünlük və iqlim dəyişikliyi kimi qlobal təhlükələr bütün əhalinin psixi sağlamlığına mənfi təsir edir.
Heç bir amil psixi sağlamlıq nəticələrini tam dəqiqliklə proqnozlaşdıra bilməz: risk faktorlarına məruz qalan bir çox insan heç vaxt zehni pozğunluq yaşamır, digərləri isə hər hansı məlum risk olmadan təsirlənə bilər. Lakin bu determinantların qarşılıqlı təsiri zamanla fərdin zehni sağlamlığını formalaşdırır.
Psixi sağlamlığın təşviqi və qarşısının alınması
Zehni sağlamlığın təşviqi və profilaktikası fərdi, sosial və struktur determinantların aradan qaldırılması yolu ilə ümumi psixi rifahı artırmaq məqsədi daşıyır. Müdaxilələr fərdlər, xüsusi qruplar və ya bütün əhali səviyyəsində həyata keçirilə bilər.
Çünki bir çox müəyyənedici amillər səhiyyə sektorundan kənarda yerləşir, effektiv təşviq və profilaktika proqramları sektorlararası əməkdaşlıq tələb edir. Təhsil, əmək, ədliyyə, nəqliyyat, ətraf mühit, mənzil və sosial rifah sektorları bu prosesdə mühüm rol oynayır. Səhiyyə sektoru isə öz xidmətlərinə təşviq və profilaktika komponentlərini daxil etməklə, həmçinin çoxsahəli koordinasiyaya rəhbərlik və dəstək göstərməklə töhfə verə bilər.
İntiharın qarşısının alınması qlobal prioritet hesab olunur və Dayanıqlı İnkişaf Məqsədlərinin tərkib hissəsidir. Əsas strategiyalara intihar vasitələrinə çıxışın məhdudlaşdırılması, məsuliyyətli media hesabatlarının təşviqi, yeniyetmələr üçün sosial və emosional bacarıqların inkişafı və erkən müdaxilənin təmin edilməsi daxildir. Xüsusilə çox zəhərli pestisidlərin qadağan edilməsi intihar göstəricilərini azaltmaq üçün sadə, ucuz və təsirli müdaxilə hesab olunur.
Uşaq və yeniyetmələrin zehni sağlamlığının təşviqi də mühüm prioritet istiqamətdir. Effektiv yanaşmalara psixi sağlamlığı qoruyan qanunvericilik və siyasətlər, valideyn və baxıcılara dəstək, məktəb əsaslı proqramlar, icma və onlayn mühitin yaxşılaşdırılması daxildir. Xüsusilə məktəblərdə həyata keçirilən sosial və emosional öyrənmə proqramları bütün gəlir səviyyələrində təsirli nəticələr göstərmişdir.
İş yerində zehni sağlamlıq məsələsi də artan diqqət mərkəzindədir. Onun qorunması və təşviqi qanunvericilik və tənzimləmə, iş yeri siyasətləri, menecer təlimləri və işçilər üçün hədəfli müdaxilələr vasitəsilə həyata keçirilə bilər.
https://www.who.int/news-room/fact-sheets/detail/mental-health-strengthening-our-response
Mənbə: who.int
Tərcümə edən: Aişə Əlizadə
