Bu gün:

20 Yanvar faciəsi


Tarixə “Qanlı Yanvar” adı ilə düşmüş qətliamın acısı illər keçməsinə baxmayaraq bütün azərbaycanlıların qəlbində sağalmaz yaradır. Azərbaycanda qəhrəmanlıq dastanı kimi yadda qalan Qanlı Yanvar hadisələri 70 illik Sovet əsarətindən sonra müstəqilliyin əldə edilməsində mühüm dönüş nöqtəsi oldu. 

Qanlı Yanvar hadisələri Sovet İttifaqının dağılmasını sürətləndirdi, azərbaycanlılarda müstəqillik şüurunu alovlandırdı. Hadisələrin kökündə Dağlıq Qarabağ problemi dayanırdı.

1980-ci illərin sonlarında ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün fəaliyyətini artırdılar və 1989-cu ilin dekabrında Ermənistan Sovet Respublikasının Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. 

Azərbaycanlılar bu qərara reaksiya verdi və Bakıda yüz minlərlə insanın iştirakı ilə mitinqlər keçirildi. İnsanlar ermənilərin və sovet hakimiyyətinin artan ərazi tələblərinə öz reaksiyalarını göstərmək üçün Bakının Azadlıq Meydanına axışırdılar. Fasiləsiz mitinqlər sovet idarəsini narahat etdi və Bakıya ordu göndərilməsi qərara alındı. 

Birincisi, 1990-cı il yanvarın 19-da Azərbaycan televiziyasının enerji bloku Sovet kəşfiyyatı tərəfindən partladıldı. Axşam saatlarında 26 min nəfərlik Sovet ordusu 5 istiqamətdən zirehli texnika ilə Bakıya daxil oldu. Sovet ordusu silahsız dinc əhalinin üzərinə güllə yağdırırdı. 

Sovet ordusu onların qarşısını almağa çalışan silahsız dinc əhalinin üzərinə güllə yağdıraraq şəhərin mərkəzinə çatdı. Tanklar və ağır zirehli maşınlar insanların üzərinə sürüldü, təcili yardım maşınları, avtobuslar atəşə tutuldu. Həmin gecə Bakıda 130 dinc sakin həyatını itirdi.

Sovet ordusu qırğınlarını Neftçala və Lənkəran kimi digər vilayətlərdə də davam etdirmiş, ümumilikdə 147 dinc azərbaycanlı 20 Yanvar qırğınının qurbanı olmuşdur. Hadisələrdə 744 nəfər yaralanıb, 400-ə yaxın insan Sovet ordusu tərəfindən həbs edilib. 

Sovet rəhbərliyi tərəfindən Bakıda fövqəladə vəziyyət elan edilsə də, şəhər tamamilə sovet ordusu tərəfindən nəzarətə götürülsə də, xalq yenidən küçələrə axışaraq şəhidlərin dəfni üçün işlərə başlayır. Şəhidlər 1918-ci il martın 31-də ermənilərin hücumları nəticəsində həyatını itirən azərbaycanlıların dəfn edildiyi, sovet dövründə parka çevrilən Dağüstü parkda dəfn edildi. Şəhidlər Azadlıq Meydanına gətirilərək, xalqın çiyinlərində aparıldı, sonralar Şəhidlər Xiyabanı adlanan yerə gətirilərək yan-yana dəfn edildi. Dəfn mərasimini 1 milyona yaxın insan müşayiət etdi.

Qanlı Yanvar qırğını azərbaycanlıların sovet idarəçiliyinə inamını tamamilə sarsıtdı və ölkənin müstəqilliyinə aparan proses başladı.

Azərbaycanlılar hər il yanvarın 20-də 20 Yanvar qurbanlarının simvoluna çevrilmiş qərənfillərlə Şəhidlər Xiyabanına axışır, müstəqillik odunu alovlandıranlara öz minnətdarlıqlarını bildirirlər.

Mənbə: Anadolu agency 

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et