
Həddindən artıq tərləmə, yəni həyat keyfiyyətini aşağı salan hiperhidroz, xüsusilə, yay aylarında həyatı kabusa çevirir.
Sinə Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Özkan Demirhan: "Yay gəldi, həddindən artıq tərləmə problemi olanların kabusu başladı. Əllərdə və qoltuqaltında tərləmə döş qəfəsindəki simpatik sistemin həddindən artıq aktivləşməsi və tər yuvalarının çox işləməsindən qaynaqlanır. Bu, xəstəlik əlaməti deyil, ancaq biz bəzi xəstələri test edirik. Bütün xəstələrin bizə gəlməzdən əvvəl endokrin mütəxəssisinə görünmələrini istəyirik. Biz qalxanabənzər vəzi testlərinin aparılmasını tələb edirik. Müəyyən metabolik testlər var, bu testlərin edilib-edilmədiyini yoxlayırıq. Əgər xəstə bunları etməyibsə, mütləq endokrinoloji və ya daxili xəstəliklər poliklinikasına göndəririk, ya da tam əksi. Əgər xəstə bu testləri yoxlatdırıbsa, həmin şöbə xəstələri bizə göndərir. Xəstədə ilk baxdığımız şey qalxanabənzər vəzidir. Çünki qalxanabənzər vəzin həddindən artıq işləməsi maddələr mübadiləsini sürətləndirir və tərləmənin artmasına səbəb olur. Xəstənin ailəsində həddindən artıq tərləmə problemi, yuxu zamanı tərləmənin olması, hər iki tərəfdən tərləmə olub-olmaması və hansı bölgədə yaşadığı, iş mühitinin istilik vəziyyəti, geyim vərdişləri ilə maraqlanırıq. Bütün bunları soruşduqdan sonra uyğun xəstələrdə cərrahi müdaxiləyə qərar verilir”.
Mənbə: Haber global
Tərcümə etdi: Lalə Mənəfova
