Həyat tikanlı, dolaşıq meşədəki sonsuz bir səyahətimizdir. Bu yolda biz tez-tez “son mənzil” sandığımız şeylərə ilişib qalırıq — uğura, fövqəladə gücə, bir başqasının sevgisinə. Amma bunların heç biri son deyil. Həyat boyu davam edən bu səyahətdə biz tez-tez “təcrübə” ilə “kəşfiyyat”ı qarışdırırıq. Təcrübə mövcud bir nəzəriyyəni sübut edir və ya təkzib edir, nəticəsi isə sabit və ikiqat seçimlidir — ya doğrudur, ya da səhv. Kəşfiyyat isə məlum olmayan ərazilərdə səyahətdir — varlığından belə xəbərsiz olduğun mənzərələrdən keçmək, bunun üçün lazım olan cəsarət, həssaslıq və təcrübəyə açıq olmaq deməkdir. Onun nəticəsi isə məlumat deyil, gözlənilməz möcüzələrin, həm də bu möcüzələrin qarşısında öz məninin kəşfidir. Kəşf ən saf halında bir ilham və ya açıqlanmadan başqa bir şey deyil.

Portuqaliyalı şair və filosof Fernando Pessoa (13 iyun 1888 – 30 noyabr 1935) ölümündən sonra nəşr olunan möhtəşəm “Narahatlıq Kitabı”nda (The Book of Disquiet) özünü kəşf etməyin mürəkkəb mahiyyəti haqqında düşünür və belə yazır:
“Özümüzün əbədi turistləriyik, baxdığımız hər mənzərə, əslində, bizdir. Biz heç nəyə sahib deyilik, çünki özümüzə belə sahib deyilik. Heç nəyimiz yoxdur, çünki biz heç nə deyilik. Mən hansı əlimi uzadım və hansı kainata tərəf? Kainat mənim deyil, mən özüm kainatam”.
Hər şey bizim içimizdədir, sadəcə onu axtarmağı və necə axtarmağı öyrənməliyik.
Mənbə: The Marginalian
Tərcümə etdi: Emiliya Vəlicanova
