Beş ay əvvəl Luiziana ştatında həbsxanadan qaçan sonuncu məhbus tutulub. Luiziana Dövlət Polisi bildirib ki, 28 yaşlı Derrick Groves Corciya ştatının Atlanta şəhərində aparılan əməliyyat nəticəsində saxlanılıb.

Polis əməliyyat zamanı Groves-un gizləndiyi evə qaz bombaları atıb, sonra onu zirzəmidəki dar boşluqda tapıb.
Groves bu ilin may ayında digər doqquz məhbusla birlikdə Orleans Parish Ədliyyə Mərkəzindən qaçmışdı. Onlar tualeti divardan çıxararaq, arxasındakı dəmir barmaqlıqları qırıb, divardakı dəlikdən keçərək qaçmışdılar. Qaçış yerində məhbuslar divara “To Easy LOL” (“Çox asan, hahaha”) yazısı və smaylik şəkli qoymuşdular.
Orleans Parish Şerifi Susan Hutson hadisəni “kadr çatışmazlığı və bina dizaynındakı qüsurların nəticəsi” adlandırıb. Qaçışdan sonra üç nəfər bir sutka ərzində, qalanları isə növbəti həftələrdə tutulub.
Groves 2024-cü ilin oktyabrında ikinci dərəcəli qətl, qəsdən adam öldürməyə cəhd və silah cinayəti ittihamları ilə ömürlük həbs cəzasına məhkum olunmuşdu.
Luiziana Baş prokuroru Liz Murrill bildirib ki, Groves qaçışla əlaqədar əlavə ittihamlarla da üzləşəcək:
“O, qanunun bütün sərtliyi ilə cəzalandırılacaq” – deyə o vurğulayıb.
Məhbusun yaxın günlərdə Luizianaya geri ekstradisiya olunacağı gözlənilir.
Mənbə: BBC
Tərcümə edən: Nuray Ədilzadə
