Bu gün:

Veronika Leoninin Kalvin Kleyn üçün ən yaddaqalan qırmızı xalça obrazları


Moda dünyasında dizayner dəyişiklikləri davam edir. Oktyabrın 15-də məlum olub ki, dizayner Veronika Leoni dörd mövsümdən sonra Kalvin Kleyn moda evindəki vəzifəsini tərk edir.

Veronika Leoni

24Media.az saytı WWD.com saytına istinadən bildirir ki, Veronika Leoni Kalvin Kleyn moda evində çalışdığı qısa müddət ərzində brendin sadə və zərif üslubunu incəsənətdən ilhamlanan, heykəltəraşlıq xüsusiyyətləri daşıyan yanaşma ilə birləşdirib. 1990-cı illərin dəb ruhunu əks etdirən bu üslub həm podium nümayişlərində, həm də qırmızı xalçada təqdim olunan geyimlərdə öz əksini tapıb.

Məşhurlar üçün xüsusi geyimlər hazırlayan dizayner sadə, zövqlü və ölçülü-biçili görünüşlərə üstünlük verib. Onun seçimlərində əsasən ağ və qara rənglər ön plana çıxıb. Məsələn, aktrisa Renate Reinsve ağ rəngli, kvadrat biçimli yaxası və uyğun baş örtüyü ilə tamamlanan don, Ancelina Coli isə ağ rəngli, dəqiq biçimli palto geyinib.

Bununla belə, dizayner daha cəsarətli və parlaq görünüşlərə də yer verib. Dakota Conson “Verity” filminin təqdimat mərasimində kristallarla bəzədilmiş, saçaqlı ağ üst geyim və ətək dəsti geyinib. 2026-cı ilin yayında keçirilən amfAR xeyriyyə gecəsində Pamela Anderson eyni rəngdə şalla tamamlanan narıncı atlas don geyinib. Qvinet Peltrou isə ötən il Leoninin 2026-cı ilin yaz kolleksiyasına aid parlaq çəhrayı üst geyim və şalvar dəsti ilə diqqət çəkib.

Dizaynerin kişi geyimləri üçün hazırladığı ən yaddaqalan nümunələr isə klassik kostyumlar və dəqiq biçimlərlə seçilib. Coş O'Konnor geniş biçimli, boz zolaqlı kostyumda, Benito Skinner isə üç hissədən ibarət klassik kostyumda görünüb. Skinner pencəyini çiyinlərinə ataraq jiletlə tamamlanan geyiminə fərqli görünüş verib.


Mələk Nəsirli 

Paylaş