Bu gün:

Pakistanda məktəbin damının çökməsi nəticəsində 28 nəfər həlak olub


 Pakistanın şimal-qərbində yerləşən Pişəvər şəhərində məktəb binasının damının çökməsi nəticəsində 27 şagird və bir müəllim olmaqla, ümumilikdə 28 nəfər həyatını itirib. Ölən şagirdlərin əksəriyyətinin 13 yaşdan kiçik olduğu bildirilir. Hadisə nəticəsində ölənlərin sayının artacağı ehtimal olunur.

Valideynlər və sakinlər təcili tibbi yardım avtomobilinin ətrafına toplaşıblar, REUTERS 

24media.az Reuters-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 15-də dərs zamanı Pişəvər şəhərində yerləşən özəl “Al-Khair Education Center” məktəbində baş verib. Hadisə yerindən yayılan görüntülərdə təcili tibbi yardım avtomobillərinin məktəbin qarşısına gəldiyi, xilasedicilərin isə dağıntılar altından yaralı şagirdləri çıxardığı əks olunub.

Rayonun fövqəladə hallar üzrə məsul şəxsi İftixar Xan bildirib ki, dağıntılar altından azı 45 uşaq çıxarılıb. Bununla belə, bəzi şagirdlərin hələ də dağıntılar altında qaldığı ehtimal edilir. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir, yaralılar isə xəstəxanalara çatdırılır.

Pişəvər şəhərindəki Ledi Ridiq xəstəxanasının sözçüsü Məhəmməd Asimin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan 20 nəfər və ölənlərin əksəriyyəti xəstəxanaya gətirilib.

Pişəvər şəhərinin polis rəisi Mian Səid bildirib ki, hadisə zamanı məktəbin üç sinif otağında ümumilikdə 110 şagird olub. Onun sözlərinə görə, indiyədək 47 nəfər xilas edilib və dağıntılar altında qalanların olması səbəbindən ölənlərin sayının artacağından narahatlıq var.

İlkin məlumatlara əsasən, əvvəlcə binanın yuxarı mərtəbəsinin damı çöküb, nəticədə iki mərtəbəli tikili dağılıb. Polis rəisi binanın konstruksiyasının zəif olduğunu və damda aparılan tikinti işlərinin əlavə yük yaradaraq çökməyə səbəb ola biləcəyini bildirib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb. Məktəb rəhbərliyi isə baş verənlərlə bağlı hələlik açıqlama verməyib. 

Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et