Bu gün:

Prezident İlham Əliyev: Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır


24media.az-ın budəfəki müsahibi politoloq Asif Nərimanlıdır. O, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini bildirib.

Vaşinqton Zirvəsində Zəngəzur dəhlizi məsələsinin müzakirəyə çıxarılması hansı diplomatik uğur kimi qiymətləndirilə bilər?

-Zəngəzur dəhlizinin açılması ilə bağlı Vaşinqtonda əldə olunan razılaşma, təbii ki, Azərbaycanın ən böyük və əsas uğurlarından biridir. Bu məsələni 44 günlük müharibədən sonra Prezident İlham Əliyev gündəmə gətirib. 10 noyabr razılaşması əsasında Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan sənəddə Azərbaycanın Naxçıvan keçidinin açılması ilə bağlı razılaşma qeyd olunur. Ermənistanın bu barədə öhdəliyi var idi. Lakin sonrakı dövrdə Ermənistan bu öhdəlikdən açıq şəkildə imtina edir. Bu məsələdə Ermənistana xüsusilə Qərb ölkələri dəstək verir. 

Amerika və Avropanın əsas məqsədi Rusiyanın bu dəhlizdə iştirakına imkan verməmək idi və Ermənistanın öhdəlikdən imtina etməsinə Qərbin verdiyi dəstək onun əlini gücləndirib. Azərbaycana qarşı ciddi təzyiqlər yaranıb. Zəngəzur dəhlizindən imtina ilə bağlı fikirlər səslənsə də, Azərbaycan sona qədər dirəniş göstərir və nəhayət, Trampın gəlişindən sonra qlobal səviyyədə, xüsusilə Qərbdə yanaşmalar dəyişir. Bayden administrasiyası dövründə Amerika tərəfi Orta Dəhlizi nəzarətə götürmək istəyirdi. Orta Dəhlizin əsas hissəsi Cənubi Qafqazda — Zəngəzur dəhlizinin açılması məsələsidir. Bayden administrasiyası daha çox Ermənistana uyğun siyasət yürüdüb. Bu, Azərbaycanın və Türkiyənin maraqlarına uyğun gəlmiyib. Ona görə mürəkkəb vəziyyət yaranıb.

Azərbaycan geri addım atmır və nəhayət, 8 avqustda Vaşinqtonda keçirilən görüşdə qəbul olunan bəyannamədə Naxçıvana maneəsiz keçidin açılması məsələsi öz əksini tapır. Bu məsələ indi “Tramp marşrutu” kimi qeyd olunur. Mahiyyət etibarilə bu, Zəngəzur dəhlizidir. Azərbaycan üçün əsas məsələ əvvəldən Naxçıvana maneəsiz keçid idi, Zəngəzur dəhlizində təhlükəsizliyin hansı qüvvə — Qərb və ya Rusiya tərəfindən qorunması deyil. Əsas hədəf Naxçıvana maneəsiz keçidin təmin olunması idi.

Vaşinqton anlaşmasına əsasən, Zəngəzur dəhlizində təhlükəsizliyin təminatçısı Amerika olur. Amma Azərbaycan üçün əsas məsələ bu deyil. Əsas hədəf Naxçıvana maneəsiz keçid idi və buna nail olunur. Bu, Azərbaycanın ən böyük uğurlarından biridir. 44 günlük müharibədə torpaqların azad edilməsi tariximizin bir mərhələsi, 2023-cü ildə Xankəndidə və Qarabağda suverenliyin bərpası başqa bir mərhələ sayılırsa, Zəngəzur dəhlizinin açılması növbəti mühüm mərhələ kimi qiymətləndirilir.

Məsələnin mahiyyəti kifayət qədər əhəmiyyətli və böyükdür. Burada söhbət təkcə Naxçıvana maneəsiz keçidin əldə edilməsindən deyil, həm də 100 il əvvəl  Zəngəzurun Ermənistana verilməsi ilə pozulan tarixi ədalətin müəyyən qədər bərpasından, Naxçıvanın blokadadan çıxarılmasından və Türk coğrafiyasının, Türk dünyasının coğrafi parçalanmasına son qoyulmasından gedib.

Ermənistanın bu layihəyə münasibəti necədir və mövqelər necə dəyişə bilər?

-Ermənistanın bu layihəyə münasibəti mahiyyətcə Azərbaycanla eynidir. Ermənistan Vaşinqtonda razılaşmaya imza atır və bu, Naxçıvana maneəsiz keçidin təmin olunması deməkdir. Yeganə fərq texniki məsələlərdədir. Ermənistan israr edir ki, bu layihə “sülhün kəsişməsi” proqramının bir hissəsidir. “Zəngəzur dəhlizi” ifadəsi Vaşinqton razılaşmasında və Azərbaycan-Ermənistan sənədlərində qeyd olunmur, lakin mahiyyətcə Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı layihə ilə Ermənistanın istinad etdiyi “Tramp marşrutu” eynidir.

ABŞ nümayəndə heyətləri mütəmadi olaraq Ermənistana səfərlər edir. Ermənistan rəsmilərinin, xüsusilə xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarından görünür ki, qarşıdakı aylarda texniki məsələlər müzakirə olunur və Zəngəzur dəhlizinin Mehri hissəsində tikinti işlərinə başlanır. Plana əsasən, layihə iki il ərzində tamamlanır. Mirzoyan bildirir ki, Ermənistan bu prosesi daha tez başa vurmaq və kommunikasiya xətlərini tez açmaq istəyir. Əgər fövqəladə vəziyyət yaranmasa, yaxın bir il ərzində Zəngəzur dəhlizinin Mehri hissəsi istifadəyə verilir və Naxçıvana maneəsiz keçid təmin olunur. Ermənistanın mövqeyində dəyişiklik ehtimalı real görünmür.

Əvvəllər Rusiyanın iştirakı ilə dəhlizin açılması məsələsində Ermənistan müqavimət göstərib, çünki Qərb onu dəstəkləyib. İndi isə Vaşinqton anlaşmasının əsas zəmanətçisi Amerikadır və mövqenin dəyişməsi Prezident İlham Əliyevin də vurğuladığı kimi, Amerikaya qarşı hörmətsizlik sayılacaq. Bu, Ermənistanın mövcud şəraitdə atacağı addım deyil.

Regional kommunikasiyaların açılması Ermənistan üçün də həyati əhəmiyyət daşıyır. Qarabağ işğal altında olan dövrdə Ermənistan üçün əsas dəstək Rusiya idi. İranla da əlaqələr var idi, lakin 44 günlük müharibədən sonra vəziyyət dəyişib. Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmaq və Avropa bazarına çıxış əldə etməyə çalışıb. Rusiya və İranın geosiyasi mövqelərinin zəifləməsi Ermənistanın bu ölkələrə arxalanmasını çətinləşdirib.

Azərbaycanla kommunikasiya xətlərinin açılmasından sonra Ermənistanın əsas məqsədi Türkiyə ilə münasibətlərin normallaşması və sərhədin açılmasıdır. Çünki Avropa bazarına yeganə real çıxış bu istiqamətdən keçir. Buna görə Ermənistan üçün seçim imkanı demək olar ki, yoxdur. Mövcud siyasi vəziyyətdə Ermənistanın mövqeyini dəyişməsi çətin görünür.

Yalnız fors-major hallar istisna edilə bilər. Əgər Cənubi Qafqazda regional vəziyyət dəyişsə, Qərb ölkələri, o cümlədən Amerika regiondan çəkilsə və Rusiya əsas oyunçu kimi geri dönsə, Zəngəzur dəhlizinin açılması Rusiyanın iştirakı ilə mümkün olar. Bu, Rusiyanın əsas istəklərindən biridir. Lakin belə vəziyyət Vaşinqton anlaşmasının pozulmasına səbəb ola bilər. Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə təsir göstərə bilər. Mövcud siyasi şəraitdə isə bu ehtimal zəifdir. Fövqəladə hallar baş vermədikcə, layihənin reallaşması qaçılmaz sayılır.

Zəngəzur dəhlizinin açılması Azərbaycan–Türkiyə əlaqələrini necə gücləndirəcək?

-Zəngəzur dəhlizinin açılması ilə bağlı ən vacib məsələlərdən biri Azərbaycanla Türkiyə arasında quru əlaqəsinin təmin olunmasıdır. 44 günlük müharibədən sonra bu məsələ məhz bu şəkildə gündəmə gətirilib. Layihə Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa quru əlaqəsini yaradır. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafına təkan verir.

Eyni zamanda Türkiyənin Azərbaycanla quru əlaqəsinin yaranması da böyük əhəmiyyət daşıyır. Ümumilikdə Zəngəzur dəhlizi türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq mühüm layihə kimi qiymətləndirilib. 2019-cu ildə Bakıda keçirilən Türk Şurasının zirvə toplantısında Prezident İlham Əliyev bu məsələyə diqqət çəkib. O, qeyd edir ki, Zəngəzurun 100 il əvvəl Azərbaycandan alınaraq Ermənistana verilməsi türk coğrafiyasının parçalanmasına səbəb olub.

Zəngəzur dəhlizinin Azərbaycanın müəyyən etdiyi şərtlər əsasında açılması türk dünyasının coğrafi bütövlüyünü bərpa edəcək. Bununla yanaşı, Türkiyənin Mərkəzi Asiya ölkələrinə çıxışı da güclənəcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Türkiyə-Azərbaycan münasibətləri fonunda strateji əhəmiyyət daşıyır.

Nigar Həsənzadə 


Paylaş
Şərh əlavə et