Bu gün:

Uşaqlar üçün əyləncəli menyular


Əziz analar, bilirik ki, uşaqların çoxu hər şey yemir. Ancaq onlar üçün maraqlı boşqablar hazırlaya bilərsiniz. Kiçik sürpriz onların həvəsini və iştahını artıracaq.

Uşaqlar "fast food" qidalarını çox sevir. Onların zərəri barədə isə hamımızın məlumatı var. Sağlam qidalar uşaqlara maraqlı deyil. Buna görə də yeməkdən imtina edirlər. Bəzəkli qidalar hazırlamaqla bu prosesi maraqlı etmək olar. Vaxtınız bu işə çox gedə bilər. Lakin uşağınızın sağlam qidalanması üçün buna dəyər.

Uşaqların gündəlik meyvə tələbatı 200-400 qr arasındadır. Amma uşağım meyvə yemir deyə üzülmə. Meyvələr o qədər rəngarəngdir ki, uşağınız onu sevəcək. Birlikdə boşqabında kəsdiyiniz meyvə parçaları ilə təbiət mənzərəsi yaradın. 

Nahar üçün spagetti və küftəli "yuvada quşlar" menyusu hazırlaya bilərsiniz. Küftələrə bir az qoz əlavə edərək omeqa-3 dəstəyi yaratmaq mümkündür. Hazırladığınız küftələri bişirin, buruq rulonların üzərinə qoyun və spagetti ilə yaxşıca sarın. Nəhayət, quşların üzünü təxəyyülünüzə buraxırıq.

Körpəniz və ya uşağınız yeni yeməklər sınayarkən müsbət olsa belə, ona həddindən artıq reaksiya verməyin. Rahat və əyləncəli mühit yaradın. Bu yolla yemək bacarıqları inkişaf edəcək. Nümunə kimi sağlam sendviç reseptimizi sınaya bilərsiniz. Sendviç çörəyinin üzərinə labne pendirini yayın, üzərini sürtgəcdən keçirilmiş yerkökü ilə örtün. Birlikdə semizotu, zeytun ilə sendviçə saç və ağız düzəldin. Bundan sonra balacalarınız sendviçi çox sevəcək.

Əlavə olaraq, sendviçin üzərinə fıstıq yağı və ya şokoladı öz zövqünüzə görə yuvarlaq formada yayın. Uşaqlarınızın sevəcəyi üzlər yaratmaq üçün çiyələk, banan və qaragilə kimi vitaminli meyvələrdən istifadə edin. Bundan əlavə, sağlam qidalanmaq üçün uşaqlarınızın həyatından şokolad və ya fıstıq yağı kimi məhsulları çıxarmağa çalışmaq lazım deyil. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, biz gündəlik qida rasionumuzdakı enerjinin 5-10%-ni bu kimi qidalara ayıra bilərik.

Protein mənbələri uşağınızın aktiv böyüməsi və inkişafı üçün vacibdir. Bunun üçün hər gün səhər yeməyində 1 yumurta və 30 q az yağlı pendir yeməlidir. Bunun üçün sendviçə nazik bir təbəqə çedar və ya ağ pendir qoymaq lazımdır. Sonra üzərinə yumurta qanadları düzəldərək uşağınız üçün kəpənək yaradın. Pomidor, xiyar, bibər kimi inqrediyentlərlə bəzəyin və balacanızı şirin səhər yeməyi boşqabı ilə tək buraxın.

Uşağınızın qida rasionuna hər gün 200 qram tərəvəz daxil etməyi unutmayın. Bir neçə növ tərəvəzlə əyləncəli boşqab hazırlamaq olar. Bu zaman uşaqlar nə yediklərini və necə yediklərini başa düşməyəcəklər.

Mənbə: Macromore

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş