Bu gün:

“Elm dəryadır, öyrəndikcə öyrənirsən” - Müsahibə


24media.az-ın növbəti müsahibi ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında ən yüksək nəticə toplamış Salyan 2 saylı məktəbin müəllimi Şahinə Məmmədovadır. O, sertifikasiya imtahanı ilə bağlı suallarımızı cavablandırıb.

İlk olaraq Şahinə Məmmədova sertifikasiya imtahanından uğurla keçmiş bütün müəllimləri təbrik edib, sonrakı günlərdə imtahan verəcək müəllimlərə uğurlar arzu edib.

Müsahibimiz “sertifikasiya imtahanındakı suallar ibtidai sinif müəlliminin cavablandıra biləcəyi suallar idi”, - deyərək sualların asan, çətin, orta olaraq bölündüyünü, çətin sualların təbii olaraq daha çox bilik, diqqət və düşünmək tələb etdiyini vurğulayır.

Şahinə Məmmədovanın sözlərinə görə, bu sualları cavablandırmaq, maksimum nəticə əldə etmək üçün hər bir müəllimin təməl bilikləri olmalıdır, sonra da mütəmadi olaraq öz üzərində işləməli, zəhmət çəkməli, bilmədiyi bilikləri əldə etməlidir, araşdırma aparmalı və hər bir şeyi uşaqları öyrədərək öyrənməlidir.

Müsahibimiz deyir ki, əgər müəllim mütəmadi olaraq deyil, yalnız sertifikasiya imtahanına yaxın zamanda çalışsa, maksimum nəticə əldə etməsi, bəlkə də, mümkündür, amma çətindir. Həmçinin Şahinə xanımın sözlərinə görə, o özü də müəllimlik ixtisasında fəaliyyətə başlayan andan etibarən öz üzərində çalışıb.

Şahinə Məmmədova deyir: “Hər dəfə şagirdlərimin qarşısına hazır vəziyyətdə çıxmağa çalışmışam ki, onların mənə ünvanladığı suallara cavab verməkdə çətinlik çəkməyim”.

“Mövzuları daha ətraflı, digər mənbələrdən öyrənərək şagirdlərimə dərslikdən bir az da geniş məlumat verməyə çalışmışam, bu həm də mənim öyrənməyimə səbəb olub”, - deyən Şahinə Məmmədova vurğulayıb ki, məhz bu səbəbdən sertifikasiya imtahanına hazırlaşmağa başlayan müddətdə artıq, demək olar ki, imtahana hazır idi.

“Mütləq bilikləri təkrar etmək lazımdır”, - deyən müsahibimiz son aylarda mütəmadi olaraq araşdırmalar və təkrarlar apardığını qeyd edib.

Müsahibimiz sonda fikrini belə yekunlaşdırır: “Bilmədiyim hansısa məqamlar olduqda onlara diqqət edirdim. Digər tərəfdən, mənim 60 bal toplamağım sadəcə sertifikasiya imtahanındakı 60 sualı cavablandırmağım deməkdir. Bu o demək deyil ki, mən bütün elmə aid olan biliklərə sahibəm. Elm dəryadır, öyrəndikcə öyrənirsən. Ona görə də yenə mütləq bilmədiyim məqamları, məlumatları öyrənməyə, özümü daha da inkişaf etdirməyə davam edəcəm. Çünki elə bir dövrdə yaşayırıq ki, hər bir peşə sahibi öz üzərində işləməyi bacarmalıdır. Biz müəllimlər uşaqlarla, daha müasir “Z” nəsli ilə işlədiyimiz üçün daha çox müasir zamandakı biliklərdən, məlumatlardan xəbərdar olmalıyıq ki, uşaqların qarşısında hazır vəziyyətdə olaq”. 

24Media.az xatırladır ki, iyunun 20-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanında 2 müəllim ən yüksəl balı - 60 balı toplaya bilib. 

Belə ki, ən yüksək bal yığan müəllimlərdən biri Salyanın Yenikənd orta məktəbinin müəllimi Dünyamalıyevə Flora, digəri isə Salyan 2 saylı məktəbin müəllimi Məmmədova Şahinə olub.

Günel Məmmədova  

Paylaş
Şərh əlavə et