24Media-nın bu dəfəki qonağı gənc rəssam, karikaturist və illustrator Vasif Səftərovdur. Müsahibimiz söhbət əsnasında rəssam kimi fəaliyyətinin tarixçəsi, ilham qaynaqları ilə yanaşı, karikatura və şarj janrları arasındakı fərqlərdən danışıb.

Rəssamlıqla neçə yaşınızdan bəri məşğul olursunuz?
-Mən bütün müsahibələrimdə qeyd etmişəm. Bəlkə də, ciddi qəbul olunmur. Qələmi əlimə aldığım ilk gündən bu günə qədər qələmlə dostluğumuz, yoldaşlığımız davam edir. Təxminən 3 yaşımdan rəssamlıqla məşğul olmağa başlamışam.
Peşəkar rəssam hansı xüsusiyyətlərə malik olmalıdır?
-Peşəkar rəssam anlayışı yoxdur. Əgər biz rəssamlığı hansısa xüsusiyyətlərə bağlayırıqsa, deməli, onu çərçivəyə salmış oluruq. Elə insanlar var ki, rəssamlığı bitirirlər, amma rəssam ola bilmirlər. Təhsil prosesində praktiki cəhətdən öyrənə bilərsiniz, lakin sənətlə yaşaya bilən insan sənətkar olur.
Yeni rəsm yaratmaq üçün nələr sizi ilhamlandırır?
-Hər şey. Yaradıcı beyin həmişə fəaliyyətdə, axtarışdadır, dayanmadan – 7/24 müşahidə edir, çalışır. 15 yaşımda başladığım kompozisiyam var, bu gün 35 yaşım olsa da onu tamamlaya bilməmişəm. Əslində, o ilham mənbəyinin haradan gəlib, hara getdiyini rəssam özü də bilmir.
Şəklə baxmadan Nizami Gəncəvinin portretini necə çəkmisiniz?
-Əgər siz əsəri, kompozisiyanı beyində yaşaya bilirsinizsə, o əsəri yaradacaqsınız. Əslində, portreti çəkərkən kətanın arxasında gözlərimi yummuşdum. Yummasaydım, çəkə bilməyəcəkdim. Gözlərim bağlı olarkən sanki kətan gözümün önündə canlanır, qələmi hansı istiqamətə doğru hərəkət etdirdiyimi görürəm. Mən sehrbaz deyiləm. Amma demək düzgün olarsa, bunu illuziya adlandıra bilərik.
Ayaqlarınızla da rəsm çəkməyi bacarırsınız. Bu qədər qeyri-adi rəsm çəkmək üsullarını necə bacırırsınız?
-Düzünü deyim, bunun necə baş verdiyinin izahatını verə bilmirəm. Hətta sağ əlimlə başqa bir rəsm, sol əlimlə digər bir rəsmi yarada bilirəm. Bu fəaliyyətə ayaqlarımı da daxil edib tamamilə fərqli rəsm yaradaram. Bu zaman beynim 3 istiqamətə diqqətini yönəldir.
Karikaturaya art-jurnalistika demək olarmı?
-Dünyada karikatura art-jurnalistika kimi qəbul olunub. Şarj və karikatura tamamilə fərqli anlayışlardır. Karikaturada mövzu quruluşu, tənqidi mövzu olur. Bəzən deformasiyaya da uğraya bilər. Bəzən olduğu kimi də təqdim oluna bilər. Şarj pozitivlik yayır, yumoristikdir. Karikatura isə cəmiyyətdəki problemləri göstərir. Tənqidi – satirik mahiyyət daşıyır. Azərbaycanda karikaturanın alternativi yazılı jurnalistikadır. Xarici ölkələrdə karikaturalarsız məqalələr, jurnallar olmur. Məqalələrdə, jurnallarda ictimai, siyasi, iqtisadi məsələlər karikaturalar ilə təsvir olunur.
İnsanlar tərəfindən karikaturalarınızdakı yazılarda orfoqrafik səhvlər tutulurmu? Tutulursa, bu iradlara münasibətiniz necədir?
-Karikaturada əgər obrazın dilindən veririksə, bu rəssamın səhvi deyil. Ona səhv kimi baxmaq düzgün deyil. Çünki bu obrazın danışığıdır. Rəssam savadsız obrazı da təsvir edə bilər.
Şarj bizim cəmiyyət tərəfindən necə qəbul olunur?
-Cəmiyyətimiz tərəfindən son dövrlərdə qəbul olunur. Şarjı, karikaturanı oxumaq bacarığı olmalıdır. Baxmaq deyil də, görmək lazımdır. Bəzən insan özünə də gülərək baxmağı, zarafatla yanaşmağı bacarmalıdır.
Hansı jurnal və kitablarda karikaturalarınız dərc olunub?
-300-ə yaxın jurnal və kitablarda dərc olunub. Dostum Şəmil Sadiqin sayəsində ərsəyə gəlib. Hədəf və Xan nəşrlərində çap olunub. “Dədə Qorqud” dastanındakı boyların, “Böyük adam olmuş uşaqlar” silsiləsinin, xatirə ədəbiyyatının illustrasiyaları mənə məxsusdur.
Yenilik, inkişaf, gündəm hadisələri şarja necə təsir edir?
-Din, siyasət, iqtisadiyyat- bir sözlə, hər şey karikatura mövzusu ola bilər və bunlar karikatura mövzusu üçün təsirsiz ötüşmür. Sadəcə məqamında, zamanında təsvir etmək lazımdır. Gündəmi mütləq daim izləmək lazımdır. Bəzən karikaturada hiyləgərliyə əl atırıq. Əgər təqdim etmək üçün mövzu tapa bilmiriksə, problemi yenidən gündəmə gətiririk. Problemi yenidən alovlandıra bilərik. Bu bizim sosial statusumuzdan asılıdır. Bu isə bəzən təhlükəli ola bilər.
Cəmi neçə əsəriniz var?
-2000 illustrasiyam var, onlardan əlavə 8300 əsərim var. Təxminən 10000 əsər yaratmışam.
Sərgilərdə iştirak edirsinizmi?
-Sərgilərdən 300 sertifikat, 50 mükafat almışam. Aldığım sertifikatlar, mükafatlar mənə heç bir şey öyrətmədi. Sərgiyə getmək önəmli deyil. Azərbaycanda Karikaturaçı Rəssamlar Birliyi mövcuddur. Bu sözlərimdən həmkarlarım inciməsin. Yerli və beynəlxalq sərgilərdə iştirak etməklə vətənə, millətə faydalı olmuruq. Sərgi və toy heç bir fərqi yoxdur. Cəmiyyət üçün bir şey etmək lazımdır. Yalnız cəmiyyətdən nələrsə gözləmək lazım deyil. Axı cəmiyyət soruşa bilər, “Nə vermisiniz ki, nə də istəyirsiniz?!”. Getmədiyim sərgilərdə belə adım çəkilir, mükafat alıram. Hətta gedib mükafatımı belə götürmürəm. Aldığım mükafatların mənə, sənətimə, cəmiyyətə heç bir xeyri yoxdur. Sərgiyə getmək vaxt itkisindən başqa bir şey deyil. Sənət yaşadıqca rəssamı yaşadır.
“Mübariz” hərəkətli animasiya cizgi romanı nə qədər müddətə ərsəyə gəldi?
-Bu layihənin hazırlanmasında Şəmil müəllimi çox yormuşam. O qəhrəmanlığı, hisləri vermək üçün onları yaşamalısan. Ailəsi, dostları ilə görüşdük. Materialları araşdırdıq, topladıq. Bəzən bir ayın işini bir günə gördük, bəzən də əksinə. Mübariz kimi igidə həsr edirdiksə, deməli, onu dərindən araşdırmalı idik. Təqribən 6 aya başa gəldi. “Mübariz” hərəkətli animasiya cizgi romanı Azərbaycanda ilk layihədir. Bəzi saytlar bu layihəni Türkiyə istehsalı adı ilə təqdim etmişdilər. İdeya və ssenari müəllifi Şəmil Sadiq, rejissor Teymur Nəcəfzadə, rəssamı mən olmaqla layihə Azərbaycan istehsalıdır.
Daha hansı animasiya filmləri cəmiyyətə təqdim olunacaq?
-Polad Həşimov haqqında cizgi romanı hazırlamağı düşünürük. Bu layihəmizdən sonra animasiya filmi də yaratmağı düşünürük. “Mübariz” cizgi romanı cəmiyyətə təqdim olunub, indi isə cizgi filmi üzərində işlər gedir.
Nuran Əhmədzadə
