Narahatlıq insanın ən əsas duyğularından biri hesab olunur. Təhdidedici və ya çətin vəziyyətlərə təbii reaksiya kimi ortaya çıxır və bəzən faydalı xəbərdarlıq sistemi rolunu oynayır. Lakin həddindən artıq və davamlı olduqda bu hal anksiyete pozğunluğuna çevrilə bilər.

Psixoloq Dr. Phuong Le-yə görə, narahatlıq bəzən o qədər güclü olur ki, insanlar onu fiziki ağrı ilə müqayisə edirlər. O bildirir ki, yüngül narahatlıq sayıqlığı artırsa da, uzunmüddətli hallarda sağlamlığa ciddi zərər verir.
Stress adətən real problemlərlə bağlı olur və vəziyyət həll ediləndən sonra azalır. Narahatlıq isə çox vaxt səbəbsiz yaranır və daha uzun müddət davam edir.
Xroniki narahatlıq ürək-damar xəstəlikləri, həzm problemləri, immun zəifliyi, yuxusuzluq, baş ağrıları və digər psixi pozuntular (depressiya, asılılıq) riskini artırır.
Müalicə yolları:
•Dərmanlar (SSRI-lər) – məsələn, Sertralin (Lustral) və Fluoksetin (Prozac) beyində serotonin balansını tənzimləyir.
•Terapiya və həyat tərzi – koqnitiv davranış terapiyası (CBT), idman, düzgün qidalanma, zehinlilik və istirahət texnikaları.
Dr. Le vurğulayır ki, narahatlıq zəiflik deyil və hər kəsdə yarana bilər. Onun sözlərinə görə, gənclər arasında halların artması sosial media, informasiya yükü və akademik stresslə bağlıdır.
Narahatlıq təkcə hiss deyil, həm də real tibbi problemdir. Onu vaxtında tanımaq və düzgün müalicə etmək həyati əhəmiyyət daşıyır.
Mənbə: BBC News
Tərcümə etdi: Asiya Zeynallı
