İmmanuel Kant, iki min ildən artıq fəlsəfi düşüncə boyunca heç kimin xarici dünyanın varlığını bizim üçün sübut edə bilməməsini “utancverici” hesab edib. O, xüsusilə də xarici dünyanın mövcudluğundan şübhələnən Rene Dekart və Corc Berkli nəzəriyyələrini nəzərdə tutub.
Dekart və Berkli ilə müqayisə
Dekart “Meditasiyalar” əsərinin əvvəlində düşünən varlıq olaraq yalnız öz mövcudluğumuzdan əmin ola biləcəyimizi, qalan hər şeydən, hətta xarici dünyanın varlığından belə şübhələnməli olduğumuzu irəli sürüb. Daha sonra o, Tanrının varlığını sübut edən arqumentlə bu şübhəni aradan qaldırmağa çalışıb. Lakin Kant da daxil olmaqla bir çox filosof Dekartın Tanrı sübutunu inandırıcı hesab etməyib. Digər tərəfdən Berkli iddia edib ki, biz yalnız təcrübə vasitəsilə mövcudluğu dərk edə bilərik, ancaq bu təcrübənin bizim şüurumuzun xaricində ayrıca mövcud bir dünya ilə bağlı olduğuna inanmaq üçün heç bir əsas yoxdur.
Kantın xarici dünya arqumenti
Kant isə xarici, maddi dünyanın mövcudluğunu və onun varlığının şübhə altına alınmamasını sübut etmək istəyirdi. Onun arqumenti belədir: bir şeyin var olması üçün onun zamanla müəyyənləşdirilməsi gərəkdir, yəni nə vaxt və nə qədər mövcud olduğunu deyə bilməliyik. Şüur daim dəyişsə də, biz “indi” sözündən istifadə edərək mövcud anı ifadə edə bilirik. Lakin “indi” konkret saat və ya tarix deyil, daim dəyişən bir axındır. Zamanı isə biz birbaşa deyil, yalnız hərəkət edən, dəyişən və ya dəyişməyən şeylər vasitəsilə qavrayırıq. Buna görə də “indi”ni ölçmək üçün bizə xaricimizdə yerləşən maddi obyektlər (o cümlədən öz bədənimiz) lazımdır. Deməli, “Mən varam” ifadəsi zamanla bağlı müəyyənlik tələb edir, bu isə zamanın axışını göstərən real xarici dünyanın varlığını şərtləndirir. Kantın nəticəsi budur: bizim xarici dünyaya inamımız öz mövcudluğumuza inamımız qədər güclüdür.

Elm və metod məsələsi
Kant yalnız fəlsəfi arqumentlə kifayətlənməyib, elmin inkişafı üzərində də düşünüb. O, qədim dövrlərlə müqayisədə son iki əsrdə təbiət elmlərinin qeyri-adi irəliləyişinə heyran qalıb. Empiriklər (Con Lok, Devid Hüm) bütün biliklərin təcrübədən gəldiyini irəli sürüblər. Rasionallist filosoflar (Dekart, Leybnits) isə əksinə, ağlın və anlayışların təcrübədən daha mühüm rol oynadığını deyiblər. Kant bu mübahisəni yeni prizmadan izah edərək, elmin inkişafının səbəbini nə yalnız müşahidələrin, nə də yalnız təməl prinsiplərin gücündə görüb. Onun fikrincə, əsas səbəb yeni elmi metod olub: 1) təbiət hadisələrinin riyazi dillə dəqiq ifadəsi, 2) təbiətə suallar verərək hipotezlərin müşahidə və təcrübə ilə yoxlanması.
Kantın “Saf ağlın tənqidi”ndə izahı
Kant “Saf ağlın tənqidi” əsərində göstərir ki, təcrübə iki əsas ünsürdən ibarətdir:
• Hissiyyat (duyğusallıq): Məkan və zamanda birbaşa qavrayışlarımız. Kant bunlara “intuisiya” deyir.
• Anlama (intellekt): Bu intuisiyaları müəyyən anlayış və kateqoriyalar vasitəsilə düşünmək.

Hissiyyatda biz həm konkret obyektləri (məsələn, bir kitabı), həm də ümumilikdə məkan və zamanın özünü qavrayırıq. Anlamada isə konkret şeylər haqqında anlayışlarımız (məsələn, “kitab” ideyası) və ümumi kateqoriyalarımız (məsələn, “madde”, “mahiyyət”) olur. Kitab haqqında anlayışımız empirikdir — biz dünyada kitablarla rastlaşmasaydıq, bunu bilməzdik. Amma məkan, zaman və maddə anlayışlarımız təcrübədən əvvəl mövcuddur, yəni a prioridir.

Kantın fikrincə, bu a priori kateqoriyalar olmadan təcrübə də mümkün olmazdı. O, məşhur ifadəsində bunu belə ümumiləşdirir: “Məzmun olmadan düşüncələr boş, anlayış olmadan intuisiya kor olar.” Yalnız onların vəhdətindən bilik yaranır. Beləliklə, Kant həm xarici dünyanın mövcudluğunu əsaslandırmağa, həm də elmi biliklərin necə mümkün olduğunu izah etməyə çalışmışdır.
Mənbə: dzen.ru
Tərcümə etdi: Aysu Əsgərzadə
