Travmatik uşaqlıq təcrübələrinin sonrakı illərdə müxtəlif psixi sağlamlıq problemlərinə səbəb olduğu geniş şəkildə bilinir. Ancaq bu travmaların beynə ciddi təsirləri də var.

Uşaqlıqda təkrar-təkrar təhlükələrə məruz qalındıqda, bədən bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qalır. Bu prosesə ilk reaksiya verən isə immun sistemidir.
İmmun sistemi normalda bədəni infeksiya, virus və ya yaralanmalardan qoruyur. Lakin uşaqlıqda yaşanan istismar, biganəlik və ya stress immun sistemini davamlı həyəcan vəziyyətinə sala bilir. Yəni bədən müvəqqəti yox, daimi təhlükə hissi ilə işləməyə başlayır.
Bu isə iltihabı artıran molekulların həddindən artıq istehsalına səbəb olur. Fiziki yara olmasa da, immun sistemi sanki həmişə bir təhlükə varmış kimi fəaliyyət göstərir. Araşdırma göstərib ki, bu iltihab göstəriciləri uşaqlıq travmasından on illər sonra belə yüksək səviyyədə qalır.
Normal halda bu molekullar qan vasitəsilə bədənin ehtiyac olan hissələrinə daşınır və “qan-beyin baryeri” deyilən müdafiə xətti onların beyinə keçməsinin qarşısını alır. Ancaq güclü travmalarda bu baryer zəifləyir və iltihab molekulları beyinə daxil ola bilir. Nəticədə, onlar beynin fəaliyyətini pozaraq əhval, yaddaş və diqqət üzərində mənfi təsirlər yaradır.
Əgər uşaq özünü heç vaxt güvəndə hiss etmədən böyüyürsə, yəni travmalar arasında “nəfəs alma” imkanı olmursa, beynin yüksək həyəcan vəziyyəti qalıcı hala gəlir. Bu isə uzunmüddətli psixi sağlamlıq problemlərinə yol açır. Hətta beynin fiziki quruluşu da bu davamlı təhlükə hissinə uyğun olaraq yenidən formalaşa bilir.
Mənbə: NTV
Tərcümə etdi: Mina Yadigarlı
