Almaniyadakı böyük bir Dəmir dövrü yaşayış yerində aparılan qazıntılar, Keltlərin gündəlik həyatına və ritual praktikalarına dair vacib məlumatlar verir.
Almaniyanın Ingolstadt şəhərinin cənub-şərqində yerləşən Manching oppidumundakı son arxeoloji qazıntılar, Dəmir Çağında bu bölgədə yaşayan Keltlərin həyatına, ənənələrinə və mədəni texnikalarına bənzərsiz bir baxış təqdim edən 40.000-dən çox eksponat və 1.300 struktur tapıntını üzə çıxarıb.
Oppidum, eramızdan əvvəl II–I əsrlərdə Keltlər tərəfindən inşa edilmiş, adətən divarlarla əhatə olunmuş, böyük yaşayış sahələrini ifadə etmək üçün istifadə olunan latın mənşəli bir termindir.
Eramızdan əvvəl II və I əsrlərdə zirvəyə çatmış Manching oppidumu təxminən 400 hektar sahəni əhatə edirdi və əhalisinin 10.000 nəfərə çatdığı təxmin edilir. Bu, ölçü baxımından hətta Nürnberg kimi Orta Əsr şəhərlərini belə geridə qoyurdu. Hərçənd sahənin yalnız 12–13%-i qazılmış olsa da, son tapıntılar sayəsində xalqın gündəlik həyatına dair daha ətraflı bir yenidən qurma mümkün olub.
Bayerisches Landesamt für Denkmalpflege (BLfD) Baş Direktoru Prof. Mathias Pfeil, tapıntıların təqdimatında, tapılan əsərlərin müxtəlifliyi sayəsində bu cəmiyyətin qidalanmasından iqtisadi fəaliyyətlərinə və sənətkarlığına qədər bir çox sahədə daha aydın bir təsvirə sahib olduqlarını bildirib.
Qazıntılar, Federal Otoyol B16 üzərində yol tikintisi səbəbindən başlanıb və arxeoloqların yanı sıra antropoloqlar, arxeobotaniklər, zooarxeoloqlar və qədim metal işləmə mütəxəssislərindən ibarət çoxdisiplinli bir heyət tərəfindən aparılıb.
Bu çoxdisiplinli yanaşma sayəsində balıq pulları və sümüklərinin kəşfi, Keltlərin balıq istehlak etdiyinə dair ilk birbaşa sübutların əldə olunmasını təmin etdi. Həmçinin tapılan metal cürufları, yaşayış yerində dəmir istehsalının mövcudluğunu təsdiqlədi. Dr. Stefanie Berg (BLfD Arxeologiya Rəhbəri) bildirir ki, oppidumun Paar və Tuna çaylarının sahilində yerləşməsi balıqçılığı mümkün edirdi, lakin indiyə qədər bununla bağlı heç bir sübut tapılmayıb.
Minlərlə metal obyekt arasında diqqəti çəkən bir eksponat, 75 millimetrlik boyu və 55 qram ağırlığı olan bir bronz Kelt döyüşçü fiqurcası oldu. Qalxan və qılınc daşıyan bu fiqur, itmiş mum (lost-wax) texnikası ilə hazırlanmışdı. Əvvəlcə balmumundan diqqətlə modellənən fiqur, sonra gil ilə örtülərək qəlib hazırlanmış və son mərhələdə əridilmiş bronzla tökülmüşdü. Başındakı halqa fiqurun ehtimal ki, bir boyunbağı ucu kimi istifadə edildiyini göstərir. Thomas Stöckl (BLfD restavratoru) bildirir ki, bu əsər yüksək səviyyəli metal işləmə bilikləri tələb edib.
Bu fiqurca və digər bəzi obyektlər, sonradan araşdırılmaq üçün dövlət kolleksiyasına daxil ediləcək. Əsərin işlənmə keyfiyyəti həm texniki bacarıqların yüksək səviyyəsini, həm də Avropanın digər bölgələri ilə mədəni və ticarət əlaqələrini əks etdirir.
Mənbə: Arkeofili
Tərcümə etdi: Aytac Musayeva
