Aydın bir gecədə ulduzlara baxmaq insanda eyni anda həm heyranlıq, həm də kiçiklik hissi yaradır. İnsanlıq dəfələrlə özünü hələ də tam anlamağa çalışdığımız kainatın sonsuzluğunda itmiş vəziyyətdə tapır. Göylərə baxarkən özümüzə çoxlu suallar veririk, amma onlardan biri sanki daim əlimizdən qaçır. Üstümüzdəki milyardlarla işıq ili uzaqlığındakı ulduzlu səma boyunca biz yeganə canlı varlıq ola bilərik mi?
Alimlər bu suala illərlə cavab axtarıblar. 1961-ci ildə fizik Frank Dreyk bunu həll etmək üçün riyazi bir tənlik hazırlayıb:
N = R × fp × ne × fl × fi × fc × L
Bu tənlik ağıllı sivilizasiyaların sayını (N) müəyyən etməyi hədəfləyib. Burada söhbət Samanyolu qalaktikasından gedib. Buradakı göstəricilər belə izah olunur: R– ağıllı həyatın inkişafına imkan verə biləcək ulduzların əmələgəlmə sürəti; fp– bu ulduzlardan neçəsinin planet sisteminə sahib olması; ne – həyat üçün əlverişli mühitə sahib planetlərin sayı; fl – həqiqətən də həyat daşıyan planetlərin faizi; fi – bu planetlərdə ağıllı həyatın inkişaf etmə ehtimalı; fc – ağıllı sivilizasiyalardan neçəsinin kifayət qədər uzunömürlü olub kosmosa siqnal göndərə biləcək texnologiya yaratması; L isə həmin siqnalların mövcudluq müddətidir. Tez-tez verilən ortalama göstəricilər bu tənliyi sadələşdirərək belə bir nəticəyə gətirir: N = L / 10. İnsanlıq 1974-cü ildən kosmosa siqnallar göndərir. Deməli, əgər biz 2074-cü ildə məhv olsaq belə, bu tənliyə görə, təkcə Samanyolu qalaktikasında 10 ağıllı sivilizasiya mövcud olmalıdır.

Bu anlayışı daha da dərindən izah etmək üçün alimlər Kardaşev şkalasından istifadə edirlər. Bu şkala ağıllı həyatı üç kateqoriyaya bölür: I tip sivilizasiyalar öz planetlərinin bütün enerji potensialından istifadə edə bilir (biz hələ buna yaxınlaşırıq; alimlərə görə, hazırda 0.7 səviyyəsindəyik və tam I tip olmaq üçün təxminən 100 ilə ehtiyacımız var). Sivilizasiyalar ulduzlarının bütün enerjisinə nəzarət edə bilir. III tip isə bütöv bir qalaktikanın gücündən yararlanma qabiliyyətinə malikdir.
Dreyk tənliyi və Kardaşev şkalasından əvvəl də bir çox alimlər kainatın saysız-hesabsız ağıllı sivilizasiyalarla dolu olduğunu düşünüblər. Lakin bu fikrə şübhə 1950-ci ildə Enriko Fermi və həmkarlarının nahar söhbəti zamanı düşüb. Fermi sadə, amma dərin bir sual verib: “Hamısı hanı?” Zalda sükut çöküb, çünki heç kimin cavabı olmayıb. Fermi əslində ulduzlararası səyahətin mümkünlüyünü şübhə altına almaq istəyib. Amma sual hələ də qalır: əgər milyardlarla sivilizasiya varsa, niyə biz onlardan heç birini eşitməmişik? Beləliklə, Fermi paradoksu ortaya çıxıb. Samanyolu təxminən 10 milyard yaşındadır və 100 min işıq ili genişliyindədir. Əgər yadplanetlilərin işıq sürətinin 1 faizilə hərəkət edən kosmik gəmiləri olsaydı, qalaktikanı min dəfə koloniyalaşdıra bilərdilər. Bəs onda biz niyə heç bir işarə görmürük?
Məhz bu sual Fermi paradoksudur. Alimlər isə sükutun səbəbini izah etmək üçün müxtəlif nəzəriyyələr irəli sürüblər. Ən məşhur izah “Böyük filtr” adlanan fərziyyədir. Bu nəzəriyyəyə görə, həyatın çoxu müəyyən bir “evolyusiya divarından” keçə bilmir. İki ehtimal var: ya Böyük filtr artıq arxada qalıb, ya da hələ qarşıdadır. Əgər arxada qalıbsa, həyatın yaranması və ya təkhüceyrəli prokaryotlardan çoxhüceyrəli ökaryotlara keçid zamanı baş vermiş ola bilər. Bu halda biz nadir bir istisna oluruq. Əgər Böyük Filtr qarşıdadırsa, onda digər sivilizasiyalar bu divara çırpılıb məhv olublar, yəni bizim də gələcəyimiz eyni ola bilər.
Başqa izahlar da mövcuddur. Ola bilsin, kainatın çox hissəsi artıq koloniyalaşdırılıb və orada rabitə var, amma biz kənarda, “boş bir bölgədə” qalmışıq. Bəlkə də III tip sivilizasiyalar bizim kimi “ibtidai” varlıqlarla ünsiyyət qurmaqda maraqlı deyillər. Hətta bəzi alimlər güman edirlər ki, ağıllı sivilizasiyalar qorxduqları bir “ovçu növünün” mövcudluğuna görə susurlar, yəni yerini göstərməmək üçün siqnal göndərmirlər.
Amma ən çox qəbul edilən fikir budur: əgər haradasa yadplanetlilər siqnal göndərirlərsə, biz sadəcə olaraq hələ düzgün dinləyə bilmirik. Bizdə həmin siqnalları qəbul etmək və ya şifrələmək üçün lazımi texnologiya və kainatı anlama səviyyəsi yoxdur.
Mənbə: britannica
Tərcümə etdi: Aysu Əsgərzadə
