
24media.az-ın " 1 sual, 1 cavab " rubrikasının budəfəki müsahibi fotoqrafçı Gülşən Nərimanlıdır. O, qadınların fotoqrafiyaya olan marağı haqqında danışıb.
- Azərbaycanda qadınların fotoqraf olmasında hər hansı bir çətinlik var mı?
- Mən fotoqrafiyaya 2012-ci ildən başlamışam. O zamanlar xanım fotoqrafların sayı çox az idi. Amma hər birinin işinin ruhu var idi. Düzdür, 10 il əvvəl hər kəs bu işə ‘kişi işi’ kimi baxırdı. "Aa fotoqrafsan?” “Nə çəkirsən ki?" kimi təəccüblü suallar ilə çox qarşılaşmışam. Amma xanım olaraq çətinliklə qarşılaşmışammı? Xeyr. Bu işin çətin tərəfi qadın fotoqraflara da, kişi fotoqraflara da eynidir. Hətta deyərdim, xanım fotoqraf olaraq daha çox yerlərdə təəccüblə və hörmətlə qarşılanmışam. İndi 5-10 il əvvəllə müqayisədə xanım fotoqraflar çoxdur. Çoxunun işini də bəyənirəm. Bizdə bu sahənin gəlir mənbəyi "toy sektoru" olsa belə, xanım fotoqraflar portret, art çəkməyə daha çox meyillidirlər. Belə olması çox sevindiricidir. Düşünürəm 10 il sonra bu janrlardan da gəlir əldə olunacaq. 2000-ci ilərin əvvəlləri ilə müqayisədə fotoqrafiya Azərbaycanda çox inkişaf edib. Bu da marağın daha çox artmasına səbəb olur.
Xədicə Cabbarlı
