24media.az-ın budəfəki müsahibi kitab blogeri Sərxan Rüstəmovdur. O, mütaliənin faydaları və gənclərin oxu vərdişləri haqqında danışıb.
-Kitab oxumaq fərdin düşüncə tərzini və dünyagörüşünü necə formalaşdırır, eyni zamanda problemləri həll etmə və yaradıcılıq qabiliyyətlərinə hansı təsiri göstərir?
Təbii ki, mütaliənin insana çoxsaylı faydaları var və bunları sadalamaq mümkündür. Bu sualda xüsusən vurğulanan məqamlara gəldikdə isə, hər bir kitab insana müəyyən fayda verir. Ən azından söz ehtiyatı artır, düşüncə tərzi formalaşır. Amma bununla yanaşı, insanın nə oxuduğu da çox önəmlidir.
Yəni ola bilər ki, biz çox kitab oxuyaq, amma həmin kitablar bizim üçün faydalı olmasın. Çünki kitab seçimlərimiz yanlış ola bilər və ya bizi doğru istiqamətə yönləndirməyə bilər. Ona görə də, kitab oxumaqla yanaşı, nəyi oxumaq və necə oxumaq da önəmlidir.
Bəzən biz sadəcə oxumaq xətrinə oxuyuruq və oxuduqlarımız yadımızda qalmır. Və yaxud da faydalı məlumatlarla rastlaşırıq, amma onları həyat tərzimizə çevirmiriksə, bu halda oxuduqlarımızın bizə ciddi təsiri olmayacaq.
Ümumilikdə isə, heç kitab oxumayan adamla az da olsa oxuyan adam arasında böyük fərq var. Əgər kitablar düzgün seçilərək, faydalı və məqsədli şəkildə oxunarsa və öyrənilənlər tətbiq edilərsə, bu insan mütləq ətrafındakılardan daha öndə olacaq. Onun həm problemləri həll etməsi, həm də çətin vəziyyətləri öz xeyrinə çevirmə imkanları artacaq. Yaradıcı düşüncəsi və kreativliyi inkişaf edəcək, çətin vəziyyətlərdən asanlıqla çıxa biləcək.
Mən düşünürəm ki, mütaliə zamanı istər bədii əsər, istər biznes, istərsə də fərdi inkişaf ədəbiyyatı olsun insan fərqli həyatlarla tanış olur. Fərqli insanların yaşantılarını müşahidə edirsən, bəzən onları özün yaşamadan belə dərs götürürsən. Eyni səhvlər və problemlərlə qarşılaşanda isə daha təcrübəli olursan. Çünki sən bunu oxuduğuna görə artıq əvvəlcədən daha düzgün addımlar ata bilirsən.
O baxımdan deyə bilərəm ki, mütaliə insana bir ömürdə bir neçə həyat yaşamaq imkanı verir. Bu isə insanın problemləri daha asan həll etməsinə və yaradıcılıq qabiliyyətinin daha güclü olmasına səbəb olur.
-Azərbaycanda oxu mədəniyyətinin mövcud səviyyəsini necə qiymətləndirirsiniz? Sizcə, bu mədəniyyət gənclərin intellektual və sosial inkişafına hansı dərəcədə təsir göstərir?
Mənim bu mövzuda yanaşmam və təəssüratlarım müsbətdir, yəni daha pozitivdir.
Bəzən tənqidi yanaşmalar olur ki, insanlar oxumur, gənclər kifayət qədər mütaliə etmir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Əksinə, iddia edirəm ki, bu gün oxuyanlar varsa, onların böyük əksəriyyəti məhz gənclərdir.
Gənclər daha yaxşı oxuyurlar, daha çox mütaliə edirlər. Əksinə, 50 yaşdan yuxarı nəsil daha az oxuyur. Kitab mağazalarına daha az gedirlər, daha az kitab alırlar və bu işə daha az büdcə ayırırlar. Amma kitab sərgilərində və mağazalarda diqqət etsək, görərik ki, əsas auditoriya gənclərdir.
Təbii ki, oxu mədəniyyəti daha yüksək ola bilərdi, daha yaxşı ola bilərdi. Bunun üçün xüsusi proqramlar hazırlanmalı, təşviqedici addımlar atılmalıdır. Bu, hətta dövlət proqramı səviyyəsində həyata keçirilməli, televiziyalar tərəfindən də dəstəklənməlidir.
Bununla belə, düşünürəm ki, indiki mövcud şərtlər daxilində vəziyyət kifayət qədər yaxşıdır və gündən-günə də yaxşılaşır. Bunu nəyə əsasən deyirəm? Çünki kitab mağazalarının sayı artır. Tez-tez yeni kitab mağazaları, hətta kafelər açılır. Bu kafelər kitab oxuyan gənclərin bir araya gəlməsi üçün məkan rolunu oynayır. Beləcə, oxu artıq sosial həyatın bir parçasına çevrilir.
Bu isə gənclərin intellektual səviyyəsinə, sosial inkişafına çox müsbət təsir göstərir. Mən düşünürəm ki, belə kitab mağazalarının, sərgilərin və tədbirlərin sayı artdıqca, bu trend də inkişaf edəcək.
Xüsusilə, sosial şəbəkələrin burada müəyyən müsbət rolu var. İnsanlar oxuduqlarını paylaşır, bloglar hazırlayır, Instagram və ya YouTube üzərindən kitablarla bağlı məzmun təqdim edirlər. Bu da gənclərə əlavə motivasiya yaradır.
Zəhra Əliyeva
