Bu gün:

“Baytar olmaq insan həkimi olmaqdan daha çətindir”


24media.az-ın budəfəki qonağı heyvan haqları üzrə fəal Hicran Qarayevadır. O, ölkədə  baytarlıq sahəsinə olan maraqdan danışıb.

Azərbaycanda heyvan həkimləri, baytarlıq üzrə ixtisaslaşma varmı?

Azərbaycanda baytarlıq təhsili yalnız Gəncə Kənd Təsərrüfatı Universitetində tədris olunur. Son illərdə baytarların sayında artım müşahidə olunur. Bu da baytarlıq sahəsinə marağın olduğunu göstərir. Nümunə üçün deyək ki, on il əvvəl daha çox böyük heyvan baytarları görmək mümkün idi, it, pişik kimi ev heyvanları baytarlarının sayı isə az idi. Hazırda bu iş üzrə oxuyub işsiz nə qədər baytar var. Əsas məsələ baytarların hər şeyi bilməsi düşüncəsidir. Yaxşı olar ki, baytarlar heyvanlara görə deyil, orqanlara görə ixtisaslaşsın. Baytar olmaq insan həkimi olmaqdan daha çətindir. Klinikalar müasir aparatlarla təchiz olunsa da, bu aparatlarla işləyə biləcək kifayət qədər kadr yoxdu. İxtisaslaşmış kadr və klinikalara ehtiyac var. Rayonlarda baytarlar olsa belə, insanlar üz tutmurlar. Ona görə də birinci rayonda yaşayan insanları bu sahədə maarifləndirmək lazımdır.

24Media.az xatırladır ki, baytarlıq xidməti ölkə ərazisinə xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısını almaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostika və müalicəsi ilə məşğul olmaq, əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq, baytar-sanitariya qaydalarını təmin etmək kimi vəzifələri yerinə yetirir. Bununla yanaşı, baytarlıq xidmətinin funksiyalarına qanunvericiliklə müəyyən edilmiş qaydada heyvan kəsim məntəqələri, emal müəssisələri, tədarük, saxlanma, satış və digər yerlərdə baytar-sanitariya qaydalarına nəzarət etmək, həmçinin heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq da daxildir. Bu sırada baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq, baytarlıq elminin inkişaf etdirilməsi kimi məsələlərin həlli də vardır.

Lalə Mənəfova


Paylaş
Şərh əlavə et