Çoxları göbələkləri bişirərkən su əlavə etməyi məsləhət görmür. Lakin məşhur inancın əksinə olaraq, su göbələyin düşməni deyil, əksinə, onların daha ləzzətli olmasına kömək edə bilər.

Hüceyrə quruluşuna görə göbələklərin daxilində maye ilə dolu böyük hava cibləri olur. Bəzi insanların onları suda islatmağı tövsiyə etməməsinin əsas səbəbi də budur. Adətən göbələkləri birbaşa yağda, öz şirəsində bişirmək tövsiyə edilir. Ancaq bu üsulun mənfi tərəfi odur ki, göbələklər yağın hamısını tez bir zamanda udur və nəticədə, daha çox yağ əlavə etməyə ehtiyac yaranır. Belə olduqda isə yemək həddindən artıq yağlı alınır.
Daha yaxşı nəticə üçün göbələklər yaxşıca yuyulmalı, tavaya qoyulmalı və üzərinə onları örtəcək qədər su əlavə edilməlidir. Duz səpilərək yüksək odda təxminən 15 dəqiqə bişirildikdən sonra yağ, xırda doğranmış yaşıl soğan və sarımsaq əlavə olunaraq bir neçə dəqiqə də bişirmək tövsiyə edilir. Həmçinin yeməyin daha parlaq görünməsi üçün bişirmə prosesinin sonunda bir az da su əlavə etmək olar.
Mənbə: Pembenar
Tərcümə: Asiya Zeynallı
