Dəri gözəlliyindən beynin fəaliyyətinə, çəki nəzarətindən immun sisteminə qədər bir çox sahədə suyun təsiri danılmazdır.
1. Su içmək orqanizmin toksinlərdən təmizlənməsini təmin edir
Bədənimizin daxilində kiçik bir “təmizlik briqadası” var və bu briqada susuz işləyə bilmir! Qaraciyər, böyrəklər kimi orqanlar zərərli maddələri atmaq üçün suya ehtiyac duyur. Kifayət qədər su içmədikdə toksinlər xaric edilmir, nəticədə yorğunluq, baş ağrısı və dəridə solğunluq kimi hallar yaranır.
2. Dərinin sağlam və parlaq görünməsində suyun rolu böyükdür
Krem və serumlar faydalıdır, amma dəri sağlamlığı daxildən başlayır. Kifayət qədər su içmək dərinin nəmli qalmasına, elastikliyinin artmasına kömək edir. Beləliklə, dəri daha canlı və gənc görünür. Su içməyən şəxslərin dərisi quruyur, qabıq-qabıq olur və matlaşır. Yəni ən ucuz və təsirli dəri baxımı vasitəsi — içməli sudur!
3. Su beyin fəaliyyətini dəstəkləyir, diqqəti artırır
Beynimizin təxminən 75%-i sudan ibarətdir. Susuzluq başlayanda ilk təsirini diqqət, yaddaş və əhval-ruhiyyədə göstərir. Su çatışmazlığı beynin işləmə sürətini azaldır, baş ağrısı, əsəbilik və diqqət dağınıqlığı yaradır. Hətta bir stəkan su belə fərq yarada bilər.
4. Metabolizmanı sürətləndirmək istəyirsənsə, su ən yaxşı dostundur
Su bədənin enerji istehsalı proseslərini dəstəkləyir. Xüsusilə səhərlər acqarına içilən su metabolizmanı canlandırır və günə daha enerjili başlamanı təmin edir. Bəzən aclıq hissi ilə susuzluğu qarışdırırıq. Bu səbəbdən nəsə yemək istəyəndə əvvəlcə bir stəkan su içmək faydalıdır. Su həm toxluq hissi yaradır, həm də artıq kalori qəbulunun qarşısını alır, bu isə çəkiyə nəzarət etməyə kömək edir.
5. Su həzm sisteminin sağlam işləməsinə kömək edir
Qəbizlik, köp və digər həzm problemlərinin səbəbi çox vaxt kifayət qədər su içməməkdir. Su bağırsaq hərəkətlərini asanlaşdırır, həzmi dəstəkləyir və mədə turşusunun balansda qalmasına kömək edir. Yeməkdən əvvəl və ya sonra içilən su həzmi yüngülləşdirir.
6. İdman performansı suya bağlı olaraq artır
Tərlədikdə bədəndən yalnız duz deyil, su da itirilir. Bu isə əzələ spazmları, yorğunluğun artması və performansın azalmasına gətirib çıxarır. İdmandan əvvəl, idman zamanı və sonra kifayət qədər su içmək bədən temperaturunu tənzimləyir və daha uzun müddət effektiv işləməyə imkan verir.
7.Su bədən temperaturunu sabit saxlayır
Xüsusilə yay aylarında və ya qızdırma zamanı bədən özünü soyutmaq üçün tərləyir. Bu isə su itkisinə səbəb olur. Tərlə itirilən mayeni bərpa etmək üçün su içmək vacibdir. Əks halda bədən temperaturu yüksəlir, halsızlıq və huş itirmə halları baş verə bilər.
8. Kifayət qədər su içmək ürək-damar sağlamlığı üçün vacibdir
Su qanı daha axıcı edir, təzyiqi tənzimləyir və ürəyin daha az güclə işləməsinə kömək edir. Kifayət qədər su içməyənlərdə qan sıxlığı artır, ürək yüklənir. Xüsusilə isti havalarda bu daha təhlükəli ola bilər.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
