Bu gün:

Çində nə üçün bu qədər çox insan var?


Çin sivilizasiyası bu günə qədər mövcud olan dünyanın ən qədim sivilizasiyalarından biridir. Tarixi boyunca Çin, dünyanın ən sıx məskunlaşmış ölkələrindən biri olub və 2021-ci ildə 1.412.360.000 nəfərlik əhalisi ilə ən yüksək göstəricisinə çatıb.


Həmişə çoxlu çinli olub.

Çinin böyük əhalisi ölkənin əlverişli coğrafi mövqeyi, uyğun iqlimi və çoxlu ərzaq təmin edən geniş münbit torpaqları sayəsində mümkün olub. Bu amillər çoxlu insanın burada yaşamasına şərait yaradıb. Çinlilərin düşüncə tərzi də əhali artımına təsir edib. Tarixən Çində uşaqların sayının ailənin rifahı ilə sıx bağlı olduğuna inanılıb. Buna görə də valideynlərin yaşlılıq dövründə həyatlarını təmin etmək üçün çoxuşaqlı böyük ailələr qurmaq ənənə halını alıb. Başqa sözlə, çox uşaq çox zənginlik demək olub.

18-ci əsrdə əlverişli coğrafiya və mentalitetə səmərəli dövlət idarəçiliyi də əlavə olunub. Bunun nəticəsində Çin əhalisi cəmi bir əsrdə iki dəfədən çox artıb – müasir hesablamalara görə 1700-cü ildə təxminən 160 milyon nəfərdən 1800-cü ildə 330 milyona çatıb. Bu, həmin dövrdə dünyanın ən sürətli əhali artım tempi olub.


20-ci əsrdə Çində əhalinin sürətli artımı həyat keyfiyyətinin yüksəlməsi və tibb sahəsində nailiyyətlər sayəsində baş verib. Sağlamlıq xidmətlərinin yaxşılaşması, xüsusilə yeni doğulan uşaqlar arasında ölüm hallarının azalması ilə birlikdə yüksək doğum səviyyəsinin qorunması bu prosesə səbəb olub. 1928-ci ildə Çin əhalisi 474 milyondan çox olub, 1975-ci ildə isə artıq 920 milyonu keçib – cəmi 47 ildə demək olar ki, ikiqat artım.

Əhalinin artımına qarşı tədbirlər

1970-ci illərdə əhali bir milyarda yaxınlaşanda, Çin rəhbərliyi bunu ciddi problem kimi görüb. Böyük əhali torpaq, su və enerji ehtiyatlarını həddindən artıq yükləyir, iqtisadi artımı ləngidirdi. Buna görə 1979-cu ildə “bir ailə – bir uşaq” siyasəti qəbul olunub. Qaydaya görə, ailələr yalnız bir uşaq sahibi ola bilərdi, əks halda böyük məbləğdə cərimə tətbiq edilib.


Lakin bəzi istisnalar olub: bəzi əyalətlərdə ailəyə bir neçə uşaq saxlamağa icazə verilib, əkizlərə isə məhdudiyyət tətbiq olunmayıb. Varlı ailələr əlavə uşaq üçün cəriməni ödəyiblər. Kasib ailələr isə cəriməni ödəyə bilmədiyi üçün uşaqları dövlətdən gizlədiblər. Bu səbəbdən Çində rəsmi qeydiyyata alınmamış, “qanuni” uşaqlar kimi təhsil almayan çoxlu insanın olduğu güman edilir.


Bu siyasət əhali artımını tam dayandırmasa da, onu xeyli ləngidib. 1965-ci ildə qadın başına orta hesabla 6 uşaq düşürdüsə, 2000-ci ildə bu rəqəm 1-ə qədər enib.

Doğum məhdudiyyətinin nəticələri

21-ci əsrdə sərt demoqrafik siyasət əhali arasında orta yaşın yüksəlməsinə və cinsiyyət balanssızlığına səbəb olub. Çin ailələrinin oğlan uşağına üstünlük verməsi nəticəsində kişi sayı qadınlardan çox olub. Keçmişdə ailələr oğlan uşağı doğulana qədər uşaq dünyaya gətirirdilər. Məhdudiyyət səbəbindən bəzi ailələr qız uşağı doğulduqda, etik və mənəvi tərəflərinə baxmayaraq, ondan imtina edirdilər. Sonralar ultrasəs aparatlarının yayılması ilə hamiləlikdə uşağın cinsini öyrənmək mümkün oldu və bəzi ailələr qız uşağı olacağını biləndə abort etdirirdilər.

Siyasətin ləğvi və yeni problemlər

2016-cı ildən “bir ailə – bir uşaq” siyasəti ləğv edilib, ailələrə iki uşaq saxlamağa icazə verilib. 2021-ci ildən isə üç uşaq limiti tətbiq olunub. Bu qərar 2020-ci ildə doğum səviyyəsinin son 60 ilin ən aşağı həddinə enməsi ilə əlaqədar olub. 2021-ci ildə əhali rekord həddə çatsa da, artım cəmi 480 min nəfər olub. 2022-ci ildən isə əhali azalmağa başlayıb, 2023 və 2024-cü illərdə də bu proses davam edib. 2023-cü ildə Hindistan əhali sayına görə Çini keçib.


Azalmanın səbəbləri

Çində azalma iki əsas amillə bağlıdır: birincisi, doğum yaşında olan qadınların kişi sayından xeyli az olması; ikincisi, yüksək həyat xərcləri və uşaq böyütməyin baha başa gəlməsi. Bir çox ailə heç uşaq sahibi olmaq istəmir və olsa belə, bir uşaqlıqla kifayətlənir. Halbuki əhalinin sabit qalması üçün hər qadının orta hesabla 2 uşaq dünyaya gətirməsi lazımdır. 2024-cü ildə bu göstərici cəmi 1 olub.


Gənclər dəyişən həyat tərzinə görə uşaq istəmirlər, qadınlar isə təhsil və karyeraya üstünlük verirlər. Evliliklərin azalması və boşanmaların artması da demoqrafiyaya mənfi təsir edir.

Nəticədə əhali yaşlanır, işləyən insanların sayı azalır, iqtisadi artım zəifləyir, pensiya yaşlılarının çoxluğu isə əlavə yük yaradır. Proqnozlara görə, 2100-cü ilə qədər Çin əhalisi 633–792 milyon nəfərə enəcək, Hindistan isə 1–1,5 milyard nəfər arasında olacaq. Çin artıq dünyanın ən çox əhalisi olan ikinci ölkəsinə çevrilib və görünür ki, bu vəziyyət əsrin sonuna qədər davam edəcək.


Mənbə: dzen.ru

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et