Pişiklərin insanları iri pişiklər kimi qəbul etməsi ilə bağlı bir nəzəriyyə mövcuddur.
Pişiklər təxminən 10 min il əvvəl (bəlkə də daha əvvəl) əhliləşdirilməyə başlayıb. Bu proses zamanı pişiklər özlərini ailənin və ya tayfanın bir üzvü kimi görməyə, yaxud elə davranmağa meyil göstəriblər.
Bunun ən güclü sübutlarından biri pişiklərin miyoldamasıdır. Demək olar ki, bütün pişiklər yemək istədikdə, hətta yemək verilərkən belə miyoldayır.
Bir araşdırmaya görə, pişiklər miyoldayaraq insan körpələrini təqlid edirlər. Körpələr ağladıqda onların doyurulduğunu müşahidə edən pişiklərin "əcdadları" eyni frekansta səslər çıxararaq insanlardan yemək istəməyə çalışıblar.
Diqqət etsəniz pişik miyoldaması bir qədər körpə ağlamasına bənzəyir. Pişik sahibləri yemək istəyən bu səsləri tanıyır: adi miyoldamadan fərqli olaraq daha israrlı, intensiv və bir qədər narahatedici tonda olur – acıqlı, sanki ağlayır…
Daha bir sübut: vəhşi pişik növlərinin heç biri demək olar ki, miyoldamır – "çitalar" istisna olmaqla.
Pişiklər yəqin ki, bu səsi qəsdən təqlid etmirlər, lakin bu yolla insanların diqqətini cəlb etməyi zamanla öyrəniblər. Yəni əhliləşmə prosesində “bu cür miyoldasam, yemək gəlir” kimi bir öyrənmə yaşamış ola bilərlər.
Nəticə etibarilə, istər şüurlu, istərsə də şüursuz şəkildə, ev pişikləri insanları özlərinin böyüyü kimi qəbul edə bilərlər. Yaxud da bu hiyləgər balaca varlıqlar sadəcə özlərini belə aparırlar.
Mənbə: Current Biology
Tərcümə etdi: Mina Yadigarlı
