Bu gün:

Stradivari skripkalarının sirri nədir və niyə milyonlarla dəyərindədir?


Yüz illər boyu Antonio Stradivari adı skripka sənətində mükəmməlliyin sinonimi kimi səslənib. Uzaq İtaliyanın Kremona şəhərində hazırladığı alətlər sirli bir aura ilə əhatələnmiş və demək olar ki, mistik bir ehtiramla qarşılanıb. Onun skripkaları niyə ustalığın zirvəsi hesab olunur və bu çətin sirrin mahiyyəti nədir? İnsanların əksəriyyəti artıq istirahətə çəkildiyi bir vaxtda, 60 yaşında Antonio Stradivari ona ölümsüz şöhrət qazandıran bir skripka modeli yaradıb.


Usta, əfsanəvi Amati və Guarneri ailələrinin yaşayıb işlədiyi şəhərdə, İtalyan skripka istehsalının ən parlaq dövründə fəaliyyət göstərirdi. Stradivari bu sahədə ilk olmayıb, lakin o, öz ustalığını yeni, əlçatmaz bir zirvəyə qaldırmağı və həmin dövrün musiqi simvollarından birinə çevrilməyi bacarıb.

Stradivari skripkalarının dünya şöhrətinin əsas səbəbi onların səsidir. Onun alətləri bənzərsiz gücə, zəngin üst tonlara, kristal kimi təmizliyə, istiliyə və inanılmaz “proyeksiyaya” malik olmaqla təsvir edilir, yəni böyük konsert zallarını səs ilə doldurma və ən arxa sırada belə aydın eşidilmə qabiliyyəti.


Stradivari qeyri-adi keyfiyyətli ladin və ağcaqayın ağacından istifadə edib. Tədqiqatçılar hesab edirlər ki, bu ağaclar “Kiçik buz dövrü”ndən (təxminən 1300–1850-ci illər) çıxmış Alp meşələrindən əldə olunmuş ola bilər. Həmin dövrün iqlim şəraiti ağacların böyüməsini ləngitmiş, nəticədə incə divarlı hüceyrələr yaranıb. Hüceyrə divarları nə qədər incə olarsa, odunun sıxlığı o qədər az, amma səs keçiriciliyi bir o qədər yüksək olur. Bir çox alimlər məhz bu xüsusiyyətin Stradivari skripkalarının bənzərsiz səsinin açarı olduğuna inanır.

Başqa fərziyyələrə görə, səs keyfiyyətini artırmaq üçün ağac xüsusi kimyəvi işləmələrdən keçmiş ola bilər — minerallar, duzlar, göbələklər, hətta göllərdə batırılma üsulları tətbiq edilə bilərdi. Bəzi tədqiqatlar qədim Kremona alətlərində həşəratlara qarşı qoruma təmin edən və səsə təsir göstərə bilən bor turşusu, mis və xrom duzlarının izlərini aşkar edib. Ənənəvi inanca görə isə, skripkaların unikal parlaqlığını və səsini verən əsas səbəb xüsusi tərkibli lak olub. Bəlkə də qatranlar, yağlar və hətta qiymətli daş tozu kimi gizli əlavələrdən hazırlanıb. Müasir araşdırmalar göstərir ki, lak qoruma və görünüş üçün mühüm olsa da, əsas səsin formalaşmasında təsiri çox da böyük deyil. Əsas rezonans məhz ağac quruluşunun özündən yaranır.


Stradivari özündən əvvəlki ustaların yaratdığı skripka nisbətlərini mükəmməlləşdirdi. Onun alətlərinin gövdə taxtaları (üst və alt lövhələr) mürəkkəb relyefə malik olub, elastiklik və güc arasında ideal tarazlıq yaratmaq üçün ustanın diqqətlə kalibrlədiyi qeyri-bərabər qalınlığa sahib olub. Stradivari son dərəcə məhsuldar olub (1100 alət hazırladığı məlumdur, onlardan təxminən 650-si günümüzə gəlib çatıb), lakin zaman, müharibələr və istifadədən aşınma səbəbindən onun original əsərləri olduqca nadir və qiymətli sayılır. Açıq artırmalarda qiymətləri milyonlarla dollarla ölçülür.

Bu günə qədər Stradivari skripkasına sahib olmaq musiqiçi üçün ən yüksək status göstəricisidir. Böyük ehtimalla Stradivari sirri tək bir möcüzəvi amildə deyil, bir neçə faktorun nadir və təkrarolunmaz birləşməsindədir: xüsusi xüsusiyyətlərə malik nadir ağac, bəlkə də, xüsusi emal üsulları, mükəmməlləşdirilmiş geometriya, parlaq ustalıq, yaradıcılıq instinkti, həmçinin 300 ilə yaxın vaxt ərzində ağacın titrəyişlər və zaman təsiri altında “yetişməsi”.


Mənbə: dzen.ru

Tərcümə etdi Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et