Bu gün:

Niyə tüklərimiz biz-biz olur?


Üşüdükdə, qorxduqda və ya həyəcanlandıqda niyə tüklərimiz biz-biz olur?


Tüklərimizin biz-biz olması atalarımızdan bizə miras qalmış bir xüsusiyyətdir. Tük köklərimizin ətrafında çox kiçik əzələlər yerləşir. Bu əzələlər müəyyən hallarda yığılır və hər əzələnin yığılması dərinin səthində dartılma yaradır, nəticədə, tüklər bayıra doğru qalxır. Bəs tüklərin biz-biz olmasının bizə nə faydası olub ki, belə bir xüsusiyyətə sahibik?

Qalın kürklü canlılarda tüklərin yuxarı qalxması istilik izolyasiyası yaradır və beləliklə, canlılar soyuqdan qorunurlar. Canlının tük örtüyü nə qədər qalındırsa, bu xüsusiyyət bir o qədər yaxşı istilik qorunması təmin edir. Soyuqdan əlavə, qorxu və həyəcan kimi xüsusi hallarda da tüklər biz-biz ola bilər. Bu halın əsas səbəbi böyrəküstü vəzilərindən ifraz olunan adrenalin hormonudur.

Lakin müasir insanlarda insan təkamülünün son halqası olan Homo sapienslərdə qalın tük örtüyü olmadığı üçün bu xüsusiyyət artıq funksional deyil. Buna baxmayaraq, min illər əvvəl yaşamış atalarımızdan qalmış bu bioloji reaksiya hələ də bizimlədir. Ola bilər ki, gələcəkdə necə ki artıq 20 yaş dişlərinə ehtiyacımız olmadığı üçün onlar yavaş-yavaş yox olur, tüklərin biz-biz olması da zamanla tarixə qovuşacaq.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et