Bu gün:

Bərrak olan suyun rəngini dənizə baxdıqda niyə mavi görürük?


Dəniz suyunun rəngi su molekullarının işığı udma və əks etdirmə xüsusiyyətləri ilə bağlıdır. “Ağ işıq” dediyimiz Günəş işığında bütün rənglər mövcuddur. Dəniz suyu molekulları atmosferdə olduğu kimi, bu işığın spektrindəki qırmızı və sarı kimi uzun dalğa boylu (aşağı tezlikli) rəngləri udur, bənövşəyi və mavi kimi qısa dalğa boylu (yüksək tezlikli) rəngləri isə daha çox əks etdirir. Bu səbəbdən dəniz mavi rəngdə görünür.

Əslində, su şəffafdır, yəni rəngsizdir. Ancaq su kifayət qədər qalın təbəqə təşkil etdikdə (məsələn, hovuz və ya dəniz kimi) içindən keçən işığın uzun dalğa boylu hissəsini udur. Qısa dalğa boylu mavi işıq isə daha çox əks olunduğuna görə bizə mavi görünür.

Bu səbəbdən stəkan içindəki su şəffaf, hovuzdakı və ya dənizdəki su isə mavi rəngdə görünür. Suyun bu şəkildə davranması üçün müəyyən qalınlıqda bir təbəqə olmalıdır. Eyni prinsip göy üzünün mavi görünməsində də keçərlidir.

Bəs niyə su qırmızı rəngi udur?

Suda olan hidrogen atomları, kainatdakı digər atomlar kimi öz təbii tezliklərində titrəyirlər. Günəşdən gələn işıq şüalarının içindəki fotonların da özünəməxsus tezlikləri, yəni dalğa boyları var. Bu halda işıq bir mühitdən keçərkən, həmin mühitin molekulyar quruluşuna uyğun gələn bəzi dalğa boyları o mühit tərəfindən udulur.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et