Bu gün:

Uçuş gecikmələri halında sərnişin hüquqları


Təyyarə ilə səyahət edərkən ən çox rast gəlinən problemlərdən biri uçuşun gecikməsidir. Bu, yalnız vaxt itkisinə səbəb olmur, həm də planlarınızı poza bilər. Ancaq bu halda sərnişin tək deyil - aviaşirkətlərin qanunla müəyyən edilmiş öhdəlikləri mövcuddur və bunlar həm milli, həm də beynəlxalq qaydalarla təsbit olunub. Bəs uçuş gecikəndə sərnişin hansı hüquqlara malikdir?


Gecikmə halında ilk addım - qeydiyyat

Hüquqlarınızdan istifadə edə bilməyiniz üçün uçuşa vaxtında qeydiyyatdan keçmək vacibdir. Daxili uçuşlarda bu müddət uçuşdan ən azı 45 dəqiqə, beynəlxalq uçuşlarda isə ən azı 60 dəqiqə əvvəl olmalıdır. Qeydiyyatdan keçmədiyiniz uçuş üçün aviaşirkət məsuliyyət daşımır.


Gecikmələrdə sərnişin hüquqları

Gecikmə müddətindən asılı olaraq aviaşirkət müxtəlif xidmətlər təqdim etməlidir. İki saatdan çox gecikmələrdə sərnişinlərə isti və soyuq içkilər, yüngül yeməklər verilir. Üç saatdan artıq gecikmə olduqda əsas yemək xidməti göstərilməlidir. Beş saatdan çox gecikmələrdə biletin geri qaytarılması və ya pulsuz yenidən rezervasiya imkanı təqdim olunur. Səkkiz saat və daha uzun gecikmələrdə isə sərnişinlər pulsuz yerləşdirmə və hava limanından otelə transfer hüququ əldə edirlər.


Birləşdirici uçuşunuzu qaçırdığınız halda nə etməlisiniz?

Gecikmə səbəbindən birləşdirici uçuşu qaçırmısınızsa, aviaşirkət sizə yeni uçuş təklif etməli, biletdəki məbləği geri qaytarmalı və yemək ilə yaşayış xidməti təmin etməlidir. Bu hüquqlar yalnız birləşdirici uçuşların eyni biletdə olduğu hallarda keçərlidir.


Həddindən artıq rezervasiya halları

Bəzi hallarda aviaşirkətlər planlaşdırılandan çox bilet sata bilər. Bu səbəbdən qeydiyyatdan keçsəniz belə, uçuşa buraxılmaya bilərsiniz. Belə vəziyyətdə kompensasiya və alternativ uçuş tələb etmək hüququnuz var.


Uçuş tamamilə ləğv olunarsa nə etməlisiniz?

Əgər uçuş ləğv edilibsə və aviaşirkət 14 gün əvvəl xəbər verməyibsə və ya alternativ uçuş təklif etməyibsə, kompensasiya tələb edə bilərsiniz. Daxili uçuşlar üçün bu məbləğ 100 avro, 1500 km-ə qədər beynəlxalq uçuşlar üçün 250 avro, 1500-3500 km arası beynəlxalq uçuşlar üçün 400 avro, 3500 km-dən çox beynəlxalq uçuşlar üçün isə 600 avrodur. Qayda promosyon biletlərə və millərlə alınmış biletlərə də aiddir.


Kompensasiyanı necə tələb etməlisiniz?

Bu hüquqdan yararlanmaq üçün aviaşirkətə yazılı müraciət edə, vasitəçi şirkətlərdən istifadə edə və nəticə əldə olunmazsa, Mülki Aviasiya Baş İdarəsinə şikayət verə bilərsiniz.


Hüquqlarınızı öyrənmək vacibdir

Təyyarə ilə səyahət rahatlıq təqdim etsə də, bəzi hallarda problemlər qaçılmazdır. Narahatlıqların qarşısını almaq üçün uçuşdan əvvəl aviaşirkətin rəsmi saytındakı məlumatları və Mülki Aviasiya Baş İdarəsinin sərnişin hüquqları bələdçisini öyrənmək tövsiyə olunur.


Tərcümə etdi: Səidə Əsədli

Mənbə: Fikrimucit


Paylaş
Şərh əlavə et