Bu gün:

Alüminium folqa ilə təmiz enerji


Evlərimizdə tez-tez istifadə etdiyimiz alüminium folqa qidaları təzə saxlamaqla yanaşı, gələcəyin ən yaşıl enerji mənbələrindən birinə çevrilə bilər. Bəli, düz oxudunuzSon elmi araşdırmalar tullantı alüminium folqanın bioyanacaq istehsalında istifadə edilə biləcəyini ortaya qoyub. Bu inkişaf həm tullantıların idarə olunması, həm də təmiz enerji istehsalı üçün təməlqoyma ola bilər.



Alüminium folqa: təkrar emal etmək üçün çətin, lakin qiymətli material


Alüminium yer üzündə ən bol və geniş istifadə olunan metallardan biridir. Alkoqolsuz içki qutularından hazır qida qablarına, mətbəx folqasından sənaye məhsullarına qədər geniş istifadə sahəsi var. Bununla belə, xüsusilə alüminium folqa təkrar emal zamanı əhəmiyyətli problemlər yaradan bir materialdır.


Məsələn, təkcə Böyük Britaniyada hər il təxminən 20.000 ton alüminium folqa istehsal edildiyi təxmin edilir. Bu tullantıların çox hissəsi yağ və kir qalıqları ilə çirklənmiş olur, bu da onu təkrar emal üçün yararsız edir. Nəticədə ya yandırılır, ya da poliqonlara göndərilir.


Yeni üsul: alüminium folqa ilə bioyanacaq istehsalı


Alimlər alüminium folqanın təkrar emalının ekoloji cəhətdən təmiz üsulunu araşdırarkən maraqlı nəticəyə gəliblər: bu tullantılardan təmiz və zəhərli olmayan bioyanacaq – dimetil efir (DME) istehsalında istifadə etmək olar.


Proses aşağıdakı kimi işləyir:


alüminium folqa asidik məhlulda isladılır


bu proses 100% saf alüminium duz kristalları yaradır


kristallaşma prosesi sıfır tullantı və sıfır emissiya ilə tamamlanır


yaranan alüminium duzu bioyanacaq istehsalında istifadə olunan katalizatorları əvəz edə bilir


bu üsul boksit kimi təbii ehtiyatların istifadəsini azaldır və tullantı alüminium folqanı qiymətli məhsula çevirir.


Həm təkrar emal, həm də təmiz enerji


Bu yeni sistem geniş şəkildə tətbiq oluna bilsə, alüminium folqa təkrar emalı xərcləri azalacaq və bərpa olunan enerji istehsalı üçün davamlı mənbə yaranacaq. bu, həm də ənənəvi, ekoloji cəhətdən zərərli utilizasiya üsullarına ehtiyacı aradan qaldıracaq.


Bu cür texnologiyalar həm ətraf mühitin çirklənməsi ilə mübarizəyə, həm də gələcəkdə enerji böhranlarının həllinə mühüm töhfələr verə bilər.


Gündəlik həyatın qəhrəmanı: alüminium folqa


Gündəlik həyatda adi görünən alüminium folqa əslində əhəmiyyətli bir enerji mənbəyi olmaq potensialına malikdir. bu yeni işlənib hazırlanmış üsul təkcə ətraf mühiti qorumaqla qalmayacaq, həm də qənaətcil və təmiz bioyanacaq istehsalına imkan verəcək.


Alüminium folqanın artıq yalnız mətbəx məhsulu olmadığını söyləmək olar; o, həm də gələcəyin enerji həllərindən birinə çevrilə bilər.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et