Zehni xəstəliklərin necə müalicə ediləcəyi məsələsi əsrlər boyu sınaq-səhv yolu ilə formalaşıb. Elmi əsasdan uzaq yanaşmalar çox zaman pasiyentlərə faydadan çox zərər verib. Kəllə sümüyünün deşilməsindən, “şeytan çıxarma” mərasimlərinə qədər müxtəlif üsullar tətbiq olunub. Bəzən isə incəsənət bir növ dərman kimi qəbul olunub. Tarixdə ruhi pozuntuların müalicəsində istifadə edilən beş qorxulu metod aşağıdakılardır:
“Ruh Təmizlənməsi” İnamına Əsaslanan Trepanasiya

Tarixin ən qədim və geniş yayılan psixi müalicə üsullarından biri olan trepanasiya xəstənin kəllə sümüyündə dəlik açılması ilə aparılırdı. Bu prosedurun əsas məqsədi insanın bədəninə daxil olduğuna inanılan pis ruhları azad etmək idi. Daş alətlərlə və ya dairəvi kəsiklərlə həyata keçirilən bu əməliyyat zamanı kəllə sümüyünün bir hissəsi çıxarılır, lakin beyin qişasına toxunulmurdu.
Trepanasiya epilepsiya və melanxoliya kimi müxtəlif zehni pozuntular zamanı da tətbiq olunurdu. Əməliyyatdan sonra çıxarılan sümük parçası bəzən musqa kimi saxlanılır və xəstəyə və ya ailəsinə verilirdi. Ən diqqətçəkən məqamlardan biri isə bu metodun Avropada XVIII əsrə qədər istifadədə qalmasıdır. Bu prosedur zamanı ölüm riski təxminən 25% təşkil edirdi.
İnanca və ağrıya söykənən yanaşma: şeytan çıxarma ayinləri
Antik Mesopotamiyadan Orta əsrlər Avropasına qədər geniş yayılan “şeytan çıxarma” ayinləri uzun müddət zehni xəstəliklərin əsas müalicə üsulu kimi qəbul olunurdu. Xəstənin daxilinə pis varlıqların daxil olduğuna inanılır və bu varlıqların çıxarılması üçün dini mərasimlər icra edilib.
Duaların kifayət etmədiyi hallarda ruhani şəxslər “iblisə qarşı təhqiramiz sözlər” səsləndirir, daha sonra xəstəni fiziki təzyiqlərə məruz qoyurdular. Bura bədənə qaynar su tökmək və ya xəstəni kükürd buxarına məruz qoymaq kimi üsullar daxil idi. Bu prosesin uğuru isə daha çox xəstənin inancına bağlı sayılırdı. Məhz bu səbəbdən, uzunmüddətli effektivlik baxımından etibarlı müalicə üsulu hesab olunmurdu.
Bədəni təmizlə, ağılı tarazla: Qanalma və qusdurma
Tarix boyunca ruhi pozuntuların müalicəsində bədən mayelərinin tarazlığını bərpa etmək məqsədilə qan alma və ya süni qusma kimi üsullardan geniş istifadə olunub. Həkimlər inanırdılar ki, bədəndəki “artıq maye”lərin çıxarılması ilə psixi narahatlıqlar da aradan qalxacaq. Bu üsullar ağrılı və zərərli nəticələrə səbəb olsa da, uzun müddət “təbii müalicə” sayılıb.
İncəsənətlə sakitləşmək: Antik dünyanın ən insani yanaşması
Bəzi dövrlərdə incəsənət ruhi sağlamlığa müsbət təsir edən fəaliyyət kimi qiymətləndirilib. Antik Misirdə rəsm çəkmək, rəqs etmək və musiqi dinləmək kimi fəaliyyətlər zehni pozuntuların yüngülləşdirilməsi üçün tövsiyə olunurdu. Babil və Assuriya mədəniyyətlərində isə musiqinin duyğuları təsirləndirdiyinə inanılır və bu bir növ terapiya vasitəsi kimi istifadə olunub.
Renessans dövründə incəsənət insanı dəli olmaqdan qoruyan bir güc kimi qəbul edilirdi. Sənaye inqilabı zamanı isə “moral terapiya” anlayışı ilə pasiyentlər təbiət qoynuna aparılır, rəsm, əl işi və digər yaradıcı fəaliyyətlərlə məşğul olmağa təşviq edilirdilər. Bu yanaşma əvvəlki metodlarla müqayisədə daha humanist idi və müasir incəsənət terapiyasının ilkin nümunəsi sayılır. Bu gün də incəsənət terapiyası, depressiya və təşviş pozuntularının müalicəsində elmi əsaslı bir metod kimi tanınır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
