80 il əvvəl Hirosima və Naqasakiyə atılan atom bombalarının sağ qalanları (hibakuşalar) hələ də yaşadıqları dəhşəti bölüşməkdə davam edir. Yaponiya üzrə aparılan geniş sorğuda iştirak edən 3564 nəfərin böyük əksəriyyəti artıq yaşı 85-i keçmiş insanlardır. Onlar öz xatirələrini və mesajlarını yeni nəsillərə ötürmək üçün son fürsətlərini dəyərləndirirlər.

93 yaşlı Hirosima sakini deyir ki, bombalanmadan sonra stansiya binasının altında qalıb, sürünərək çölə çıxdıqda havada pambığa bənzər ağ dumanlar görüb: “İlk dəfə idi ki, ayağımdakı keloid çapıqlardan danışdım, mənim üçün çox çətin idi.”
Cavabların 16,2 faizi isə yaşlılıq və səhhət problemləri səbəbilə onların yaxınları tərəfindən yazılıb. Əllə doldurulmuş cavablarda əllərin titrəməsi hiss olunur, bəzi yazılar çətinliklə oxunur.
Hibakuşaların mübarizəsini aparan “Nihon Hidankyo” təşkilatı ötən il Nobel Sülh Mükafatına layiq görülüb. Bu isə bir çox yaşlı insanlara ilk dəfə olaraq "Mən hibakuşam" demək cəsarəti verib.
81 yaşlı qadın yazır: “Ətrafımdakıların münasibəti dəyişdi. Bombadan belə vəziyyətə olduğumu hiss eləmədim. İlk dəfə 14-15 nəfərin qarşısında bu sözü dedim. Onlar diqqətlə dinlədilər.”
Rəsmi məlumatlara görə, atom bombası sağ qalanlarının Yapon dövlət sertifikatına sahib olanlarının sayı 1981-ci ildə 372 min idisə, bu gün cəmi 99 min nəfər qalıb. Yüzlərlə respondent yazır ki, danışmaq onlara ağır gəlir. Ancaq onlar susmağın təhdidlərin artmasına səbəb ola biləcəyindən narahatdır. 96 yaşlı Kaqava öz fikrini belə bildirib: "Gənclərə müraciət edirəm ki, atom bombalarının dəhşətini, müharibənin faciəsini və sülhün qiymətini mümkün qədər çox insana ötürün və başa düşün ki, müharibə çıxış yolu deyil."
Qeyd edək ki, "The Asahi Shimbun", "Chugoku Shimbun" və "Nagasaki Shimbun" qəzetləri bu il birləşərək 3564 nəfərdən ifadə toplayıb. Onların əsas məqsədi bu sətirlərin heç vaxt unudulmamasını təmin etməkdir.
Mənbə: The Asahi Shimbun
Tərcümə etdi: Nəzakət Nəsibli
