Bu gün:

Dünyada məlum olan ən uzun ömür sürən insanı


1875-ci ildə Fransada doğulan Jeanne Kalment uşaqlıq illərində atasına məxsus olan sənət ləvazimatları dükanında məşhur rəssam Vincent van Gogh ilə tanış olub. Jeanne varlı bir ailəyə gəlin köçüb, lüks və rahat bir həyat yaşayıb.

Əri 67 yaşında vəfat etdikdən sonra ona böyük bir mənzil və yemək bişirən, təmizlik edən köməkçilər miras qalıb. Qızı, kürəkəni və nəvəsi də vəfat etdiyindən Jeanne-in artıq həyatda qalan bir mirasçısı olmayıb. Bu isə ona eskrim, ovçuluq, dağçılıq, üzgüçülük, tennis, konkisürmə, velosiped sürmə və musiqi kimi bir çox hobbilərlə məşğul olmaq imkanı yaradıb. Jeanne idmanla aktiv şəkildə məşğul olaraq və hər gün siqaret çəkərək 90 yaşına qədər sağlamlıqla yaşayıb.

1965-ci ildə, yəni 90 yaşına çatanda o artıq fikirləşməyə başlayır: mirasçısı yoxdur və sağlamlığı da yaxşılaşmayacaq. Nəticədə, o, Andre-François Raffray adlı bir vəkillə razılaşma imzalayır. Razılaşmaya görə, vəkil ona hər ay 2500 frank ödəyəcək, o dünyasını dəyişəndən sonra isə mənzili vəkilə qalacaqdı. Fransada o dövrdə qocalar evlərinin aylıq ödənişi 5000-12000 frank arasında dəyişirdi. Yəni vəkil bu yaşlı qadını evindən çıxarıb qocalar evinə yerləşdirməkdənsə, necə olsa, çox yaşamaz deyə, bu razılaşmanı sərfəli hesab edib.

Amma Jeanne bir növ “ölməməkdə israr edirdi”. Hətta bol miqdarda zeytun yağı və siqaret istifadə edərək, zehni cəhətdən sağlam qalmağa davam edib. Nəticədə, zavallı vəkil 1995-ci ildə 77 yaşında vəfat edir. Onun vəfatından sonra da ödənişləri vəkilin ailəsi etməyə davam edir.

Vəkilin ölümündən üç il sonra Jeanne Kalment 122 il 164 gün yaşayaraq nəhayət vəfat edir və dünyanın ən uzun ömür sürən qadını olaraq Ginnesin Rekordlar Kitabına düşür (bu rekord hələ də ona məxsusdur). Vəkilin ailəsi isə bu günə qədər ümumilikdə 918.000 frank ödəyib ki, bu da Jeanne-in mənzilinin dəyərinin iki qatından çox idi.

Hər gün siqaret çəkən və hər həftə 1 kiloqram şokolad yeyən Jeanne Kalment-ə uzunömürlülüyünün sirri soruşulduqda, bunu zeytun yağı baxımından zəngin olan bir qidalanma ilə əlaqələndirdiyini bildirib.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et