Bu gün:

“Alisa möcüzələr diyarında” sindromu nədir?


“Alisa möcüzələr diyarında” sindromu (AMDS) beyinlə bağlı nadir bir haldır. Bu sindrom insanın öz bədənini, ətraf aləmi və ya hər ikisini necə qavradığını pozur. Adını məşhur uşaq nağılından alan bu pozuntu, əşyaların və ya bədənin gerçək ölçüsündən daha böyük və ya daha kiçik görünməsinə və ya hiss edilməsinə səbəb ola bilər. AMDS müxtəlif səbəblərdən baş verə bilər və əksər hallarda bu səbəblər müvəqqəti və ya müalicə ediləbiləndir.


Kimlərə təsir edir?


Bu sindrom ən çox uşaqlarda rast gəlinir. Bəzi tədqiqatlar göstərir ki, bu hallarının təxminən üçdə ikisi 18 yaşdan aşağı şəxslərdə baş verir. Bundan əlavə, beyinlə bağlı müəyyən xəstəliklərə malik olan insanlarda bu sindromun yaranma ehtimalı daha yüksəkdir.


AMDS nə dərəcədə yayılıb?


Bu sindrom olduqca nadirdir. Onun nə qədər yayılmış olduğunu göstərən tədqiqatlar məhduddur. Mövcud məlumatlara əsasən, yeniyetmələrin təxminən 30%-i bu sindromun qısa müddətli əlamətlərini yaşaya bilər. Lakin bu məlumatların doğruluğunu və səbəblərini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Tədqiqatın az olmasının əsas səbəblərindən biri budur ki, bu sindrom demək olar ki, həmişə müvəqqətidir. Onu yaradan vəziyyətlər də çox zaman qısamüddətli olur. 1955–2016-cı illər arasında bu sindromun yalnız 200-dən az halı kifayət qədər uzun müddət davam edib və tibbi müdaxiləyə ehtiyac duyulub.


Həmçinin mütəxəssislər bu sindromun simptomları və diaqnostik meyarları barədə tam razılığa gəlməyiblər. Hazırda bu sindrom üçün rəsmi diaqnostik meyarlar mövcud deyil, buna görə də həkimlər diaqnoz qoymaq üçün öz peşəkar mülahizələrindən istifadə edirlər. Bütün bu amillər səbəbindən AMDS çox vaxt səhv diaqnoz edilir və ya ümumiyyətlə nəzərdən qaçırılır.


Bədənə necə təsir edir?


AMDS-in simptomları bir neçə növə ayrılır. Bu simptomlardan biri insanın öz bədənini necə hiss etməsinə və ya görməsinə təsir edə bilər. Bu, beynin bədən monitorinq funksiyasına təsir göstərdiyi üçün baş verir. Simptomlar əsasən üç qrupa ayrılır:

    1. Özünüqavrama pozuntuları: İnsanlar öz bədənlərinin (tamamilə və ya bəzi hissələrinin) ölçüsünü düzgün qavramaqda çətinlik çəkirlər. Bu, həmçinin insanın reallıq hissinə, bədəninə və emosiyalarına bağlılığını, zaman axışını hiss etmə qabiliyyətini də dəyişir. Bu növ halların təxminən 9%-ni təşkil edir.

2. Vizual qavrayış pozuntuları: Bu, ətraf aləmin görmə ilə bağlı qavranılmasına təsir edir. Ən çox rast gəlinən növdür və hallarının təxminən 75%-ni təşkil edir.

3. Birləşmiş simptomlar: Eyni anda həm özünü, həm də ətraf mühiti qavrama pozuntuları müşahidə olunur.

“Alisa möcüzələr diyarında” sindromunun səbəbləri:

Mütəxəssislər bu sindromun dəqiq səbəbini tam müəyyən etməsələr də, bir çox tibbi vəziyyətin və faktorun onu yarada biləcəyini bilirlər. Mümkün səbəblərə aşağıdakılar daxildir:

        Miqrenlər – AMDS ən çox miqrenin aura mərhələsində baş verir. Bununla yanaşı, digər baş ağrısı növləri ilə də əlaqəli ola bilər: klaster baş ağrıları və abdominal miqrenlər.

    İnfeksiyalar – Bakterial və virus infeksiyaları AMDS-in ən geniş yayılmış səbəblərindən biridir. Xüsusilə uşaqlarda aşağıdakı infeksiyalar səbəb ola bilər: Epstein-Barr virusu (EBV), A tipi və ya H1N1 qripi, suçiçəyi və zona (varisella), tif xəstəliyi, Laim xəstəliyi və skarlatin.

    Tutmalar və epilepsiya – Xüsusilə epilepsiyadan əziyyət çəkən insanlarda baş verə bilər.

    İnsultlar – Beyində qan dövranının qəfil dayanması özünü və ətraf aləmi qavrama mərkəzlərinə zərər verə bilər.

    Ruh sağlamlığı ilə bağlı pozuntular – Şizofreniya, şizoaffektiv pozuntu, depressiv pozuntular və s.

    Dərmanlar – Bir çox dərman yan təsir olaraq AMDS-ə səbəb ola bilər. Məsələn, dekstrometorfan və dihidrokodein tərkibli öskürək dərmanları, montelukast kimi astma dərmanları, topiramat kimi tutma əleyhinə dərmanlar.

    Narkotik və inhalyant maddələr – Halüsinojenlər (LSD) və toulol kimi inhalyantlar.

    Beyin şişləri və xərçəng.

    Degenerativ beyin xəstəlikləri – Creutzfeldt-Jakob xəstəliyi kimi vəziyyətlərdə də rast gəlinə bilər, lakin bu olduqca nadirdir.


Bu sindrom yoluxucudurmu?


Xeyr, AMDS yoluxucu deyil. Bəzi hallarda yoluxucu infeksiyalarla yanaşı baş versə də (məsələn, qrip), tək səbəb bu deyil.

Xroniki vəziyyətlərlə əlaqəli təkrarlanan AMDS epizodları zamanı, həkiminiz sizə aşağıdakı sahələrdə tövsiyələr verə bilər:

    Həyat tərzi dəyişiklikləri: Yuxu rejiminə riayət etmək, stresdən uzaq durmaq, baş ağrılarını və migreni tetikleyen amillərdən uzaq durmaq.

    Profilaktik müalicə: Xüsusilə miqren və epilepsiya üçün istifadə olunan dərmanlar.

    Təhlükə siqnallarını tanımaq: Epizodların əvvəlcədən əlamətlərini tanımaqla onlara qarşı tədbir almaq.


Mənbə: clevelandclinic

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et