Bu gün:

Altıncı barmaq: haradan gəlir və niyə nadirdir?


Əksər insanların hər əlində və ayağında beş barmaq olur — bu, mütləq norma kimi qəbul edilir. Lakin dünyada elə hallar var ki, insan altı barmaqla doğulur. Bu nə fantastikadır, nə də komikslərdən gələn mutasiya — bu, tamamilə real və tibb tərəfindən öyrənilmiş bir haldır, adı isə polidaktiliyadır.

Polidaktiliya nədir?

Polidaktiliya (yunanca poly — çox, daktylos — barmaq) — insanın artıq bir barmaqla doğulduğu anadangəlmə inkişaf anomaliyasıdır. Bu barmaq tam formalaşmış və hərəkətli ola bilər, ya da sadəcə çıxıntı və ya qığırdaq şəklində ola bilər.

Tədqiqatlara görə, polidaktiliya hər 500–1000 körpədən birində müşahidə olunur və əksər hallarda əllərdə rast gəlinir. Bu, ətrafların ən çox yayılmış anadangəlmə anomaliyalarından biridir. Artıq barmaq aşağıdakı yerlərdə ola bilər:

    •    Əlin xarici tərəfində (sözüm ona postaksial polidaktiliya — kiçik barmağın yanında);

    •    Daxili tərəfdə (preaksial — baş barmağın yanında);

    •    Əlin ortasında, barmaqlar arasında — bu hal daha nadir rast gəlinir.

Bəzən əlavə barmaq funksional olur və hərəkətlərdə iştirak edə bilir, bəzən isə olmur.

Polidaktiliya niyə yaranır?

Əsas səbəb — embrion inkişafı zamanı ətrafların formalaşmasına cavabdeh olan genlərdəki mutasiyalardır. Xüsusilə, SHH (Sonic Hedgehog) gen ailəsi bu prosesə cavabdehdir, məhz bu genlər hamiləliyin erkən mərhələlərində barmaqların simmetriyası və sayı ilə bağlı mexanizmləri idarə edir.

Polidaktiliya ola bilər:

    •    İrsi — əgər valideynlərdən birində artıq barmaq olubsa, ehtimal artır;

    •    Sporadik — yəni genetik meyl olmadan təsadüfi şəkildə yaranır;

    •    Genetik sindromun bir hissəsi — belə hallarda polidaktiliya digər pozuntularla birlikdə müşahidə olunur.

Vacibdir: artıq barmağın mövcudluğu mütləq xəstəlik əlaməti deyil, əksər hallarda bu, təcrid olunmuş bir qüsurdur və körpəlikdə cərrahi yolla asanlıqla aradan qaldırılır.

Niyə 6, amma 7 deyil?

İnsanda barmaqların sayı mürəkkəb genetik mexanizmlə tənzimlənir və bu sistem beş barmağın yaranması üçün proqramlaşdırılıb. Hər hansı bir sapma — pozulmuş genetik siqnal nəticəsidir. Amma bu sapmalar adətən idarəolunan olur. Genetik siqnalın ikiqat ötürülməsi çox vaxt yalnız bir əlavə barmağa səbəb olur — iki və ya üçə yox. Çünki təbiət DNT-nin strukturu və bioloji “şablonlarla” məhdudlaşdırılıb.

Yeddi və daha çox barmaq — son dərəcə nadirdir və demək olar ki, həmişə ciddi genetik sindromlar və inkişaf pozuntuları ilə bağlı olur. Belə hallar çox vaxt funksional olmur və bəzən həyatla uyğun gəlmir.

Bu niyə norma olmadı? 

İnsan təkamülü milyon illər əvvəl beş barmaqda dayanıb, çünki bu, biomekanik baxımdan optimal hesab olunur. Beş barmaq aşağıdakılar arasında ideal balans yaradır:

    •    hərəkətlilik,

    •    tutma gücü,

    •    dəqiqlik.

Artıq bir barmaq əlavə dayaq versə də, koordinasiyanı poza bilərdi. Bu səbəbdən belə mutasiyalar təkamül baxımından qorunmamışdır — onlar ya yox olmuş, ya da təbii seçmə ilə sıradan çıxarılmışdır, xüsusilə də cərrahiyyə müdaxiləsinin mümkün olmadığı dövrlərdə.

“Altı barmaqlı” sivilizasiyalar olubmu?

Bəzən KİV-də və ufo-nəzəriyyələrində altı barmaqla olan qədim skeletlər və ya altı barmaqlı tanrıların freskaları ilə bağlı məlumatlara rast gəlinir. Amma bu günə qədər kütləvi polidaktiliyanın hər hansı bir mədəniyyət və ya sivilizasiyada norma olduğuna dair etibarlı sübut yoxdur. Belə hallar anatomik nadirliklərdir, norma yox.

Mənbə: dzen ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et