Bu gün:

Azadlıq Heykəli mübahisəsi


Amy Sherald-ın Azadlıq Heykəli ilə bağlı çəkdiyi bir tablo ABŞ-ın milli simvolları üzərində gedən mübahisələri üzə çıxarır və bu mübahisələr əslində heykəlin ilk dəfə təqdim olunduğu vaxtdan mövcuddur.

Biz onun tikanlı tacının parlaq uclarına və yuxarıya doğru qalxan məşəlinə o qədər fokuslanırıq ki, Lady Liberty – Azadlıq xanımı ayaqları altına aldığı insan köləliyinin qandallarını tamamilə görməzliyə vururuq. Onun mənası çoxşaxəlidir və bu da onun müxtəlif yönlərə çəkilməsinə səbəb olur. Bütün böyük sənətlər kimi, Azadlıq Heykəli də qarışıq qaynaqlardan, Roma azadlıq ilahəsi Libertas, Yunan günəş tanrısı Helios və heykəltəraş Frederic-Auguste Bartholdi-ni heyrətləndirən çoxşaxəli Misir tanrıçası İsis kimi fiqurlardan ilham alaraq yaradılıb. Bu heykəl elə başdan debat üçün yaradılıb sanki. O, mədəni simvollarla bağlı bir açıq həqiqəti cəsarətlə təmsil edir: bu simvolların "həqiqəti" heç vaxt sadə deyil.

Heykəl ilk dəfə 1886-cı ilin oktyabrında açıldıqda, hər iki siyasi cinah tərəfindən tənqid edilib. Bu gün isə 46 metrlik (151 fut) Bartholdi-nin misdən düzəltdiyi və məşhur Eyfel qülləsinin memarı Gustave Eiffel tərəfindən mühəndislik baxımından hazırlanan bu heykəlin mahiyyəti ətrafında yeni bir mübahisə yaranıb. Belə ki, afroamerikalı müasir rəssam Amy Sherald-ın Trans Forming Liberty (Azadlığı Dəyişdirən) adlı əsəri Azadlıq Heykəlini qaradərili trans-cinsiyyətli bir qadın kimi yenidən təsvir edir. Bu ayın əvvəlində, 2018-ci ildə keçmiş birinci xanım Mişel Obamanın rəsmi portreti ilə tanınan Sherald-a deyilib ki, bu əsəri ABŞ Prezidenti Donald Trampı narahat edə bilər. Tramp isə yanvarda yalnız iki cinsi kişi və qadın anıyan bir Prezident Sərəncamı imzalayıb. Buna görə də, bu əsərin Vaşinqtondakı Smithsonian Milli Portret Qalereyasındakı sərgidə yer alması tövsiyə olunmayıb. Rəssam isə bu təzyiqləri qəbul etməyərək sərgini tamamilə ləğv edib və səbəb kimi “senzura mədəniyyəti”ni göstərib.

Sherald-ın Trans Forming Liberty adlı tablosu hazırda Nyu-Yorkdakı Whitney Muzeyində onun American Sublime (Amerika Ucalığı) adlı sərgisinin bir hissəsi olaraq nümayiş olunur. Sherald bu əsərdə olduğu kimi, əvvəlki işlərində də tamaşaçının gözləntilərini pozmaq və subyektlərini fərqli təqdim etməklə onları təəccübləndirməyə çalışır. Onun bu məqsədə çatmasının yollarından biri də rəngli dəriləri boz tonlara çevirmək (qrisayl texnikası) vasitəsilə insanları dəridən kənarda düşünməyə vadar etməkdir. Bu əsərdə modellik edən qaradərili, qeyri-binar trans-fem rəssam ArewaBasit mavi bəzəkli fon qarşısında, əlini belinə qoyaraq, ultramarin rəngli, Renessans dövrünün müqəddəs qadın fiqurlarını xatırladan paltarda və neon çəhrayı saçlarla təsvir olunub. Əlində məşəl yox, sevinc və ümidin simvolu sayılan gerbera gülləri var. Bu da Banksy-nin məşhur “Flower Thrower” (Gül Atan) əsərini xatırladır, orada da gücsüzlüyündə güc var. Sherald özü bu əsəri haqqında deyib ki, bu tablo "insanlığı siyasi və sosial şəkildə inkar olunan birinin varlığı üçün yer açır", bu da Emma Lazarus-un Azadlıq Heykəlinin ayağındakı məşhur şeiri ilə səsləşir: “nəfəslə yaşamaq istəyən evsiz kütlələri mənə göndərin”. Bu uyğunluq həm əsərin ən cəlbedici, həm də ən mübahisəli tərəfi ola bilər. Sherald-ın əsəri Lady Liberty-ni yerinə yetirilməyən bir vədin rəmzi kimi təqdim etməklə Amerikan vicdanında bir sarsıntı yaratmaq istəyir.

Bartholdi tərəfindən yaradılan, Eiffel tərəfindən mühəndislik edilən heykəl 1884-cü ildə Fransadan ABŞ-a hədiyyə olaraq təqdim edilib. Tramp və onun administrasiyası hələlik Sherald-ın əsərini və oradakı trans təmsilçiliyini açıq şəkildə tənqid etməyiblər. Amma sərgini təşkil edənlər 19 sentyabrda açılması planlaşdırılan bu sərginin bu əsər səbəbilə maliyyə baxımından problem yaşayacağından ehtiyat ediblər. Mart ayında, ikinci prezidentlik müddətinin iki ayı tamam olanda Tramp "Amerika Tarixinə Həqiqət və Sağlam Düşüncə Qaytarmaq" adlı bir sərəncam imzalayıb. Bu sərəncam muzeylər və layihələrə dəstəyin dayandırılmasına səbəb ola bilər, əgər onlar “ABŞ dəyərlərinə zidd ideologiyalar yayırsa”. Tramp Smithsonian institutunun “bölücü, irq mərkəzli ideologiya” təsiri altına düşdüyünü bildirib və bu sərəncamın icrasını vitse-prezident J.D. Vance-a tapşırıb.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et